Logo

Azərbaycanda keyfiyyətli təhsil modelinin formalaşdırılması üçün mühüm addımlar atılıb

12.12.2024 15:29 35 baxış
IMG

Müstəqillik dövründə Azərbaycanın təhsil sistemi mühüm islahatlar mərhələsindən keçib. Keyfiyyətli və əlçatan təhsil modelinin formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bir çox kənd və rayonlarda yeni məktəblər tikilib, mövcud təhsil ocaqları isə yenidən qurulub. Statistik məlumatlara əsasən, son illər ərzində 900-dən artıq məktəb yenidən təmir edilib və bu proses hər il davam etdirilir.

TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib.

E.Əmrullayev bildirib ki, ən diqqətəlayiq məqam, əvvəllər məktəbi olmayan 70-dən çox kənddə yeni təhsil müəssisələrinin inşasıdır: “Bu layihələr regionların sosial-iqtisadi inkişafını təmin etmək, hər bir vətəndaşın təhsil hüququnu qorumaq məqsədinə xidmət edir. Bu cür təşəbbüslər Azərbaycanın gələcək nəsillərinin milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda, qlobal trendlərə uyğun bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır”.

Nazir qeyd edib ki, ali təhsil sahəsində də mühüm irəliləyişlər qeydə alınıb: “Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına dair strateji baxışı əsasında Azərbaycan gənclərinin xaricdə təhsil almasına dəstək verilib. Bu məqsədlə xaricdə təhsil üzrə dövlət proqramları həyata keçirilir. Xarici ölkələrdə təhsil alan gənclər ölkəyə qayıtdıqdan sonra müxtəlif sahələrdə elmi-texniki biliklərini tətbiq edərək milli inkişaf prosesinə töhfə verirlər. Bu siyasət Azərbaycanın ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşmasına, ölkənin intellektual potensialının artırılmasına səbəb olub”.

E.Əmrullayev diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası da prioritet məsələlərdəndir: “Bölgədə müasir tədris standartlarına cavab verən məktəblərin inşası sürətlə davam edir. Azad edilmiş ərazilərdə qurulan məktəblər müasir tədris vasitələri ilə təchiz edilir və şagirdlərin rahat təhsil alması üçün hər cür şərait yaradılır. Bu, “Böyük Qayıdış” proqramı çərçivəsində insanların doğma torpaqlarına qayıdışına mühüm dəstək verir”.

Nazir, həmçinin deyib ki, məktəblərdə tərbiyə məsələləri xüsusi diqqət mərkəzindədir: “Şagirdlərin davranışı ilə bağlı yaranan hallar qanunvericilik çərçivəsində araşdırılır. Əgər qanun pozuntusu müəyyən olunarsa, məsələ hüquq-mühafizə orqanlarına yönləndirilir. Şagirdlər arasındakı münasibətlərin sağlam və dostyana olması üçün məktəblərdə psixoloji dəstək xidmətləri təkmilləşdirilir”.

Emin Əmrullayev əlavə edib ki, bütün bu islahatlar təhsil sahəsində şəffaflığın təmin edilməsi, müəllim və şagirdlərin hüquqlarının qorunması və Azərbaycan təhsilinin beynəlxalq səviyyədə rəqabətədavamlı olması məqsədi daşıyır: “Nazirlik təhsilin keyfiyyətini artırmaq üçün müvafiq tədbirlər görür və bu istiqamətdə ictimaiyyətlə mütəmadi dialoqu təmin edir. Azərbaycanın təhsil siyasətinin əsas məqsədi gənc nəslin savadlı, vətənpərvər, elmi biliklərə və müasir texnologiyalara yiyələnmiş vətəndaş kimi yetişdirilməsidir. Bu, ölkənin müstəqilliyinin əbədi olması, onun davamlı inkişafına töhfə vermək baxımından strateji əhəmiyyət daşıyır.

Xəbər lenti