Logo

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş respublika konfransı keçirilib

12.12.2024 15:38 36 baxış
IMG

Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb və Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş respublika konfransı keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, konfransdan əvvəl şagirdlərin əl işlərindən ibarət sərgi qonaqlara təqdim edilib.

Açılışda “Zəfər” xor kollektivinin ifasında Heydər Əliyevə həsr edilmiş, sözləri və musiqisi Maya Heydərqızıya aid olan “Bizimləsən” adlı mahnı ifa olunub.

Məktəbin direktoru pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Almaz Həsrət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin həmişə hörmətlə yad edildiyinə diqqət çəkib. O, qeyd edib ki, məhz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməllərini atıb, onun bu günlərə gəlib çatması üçün strateji uzaqgörənliklə çalışıb.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov müasir müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu söyləyib. Bildirib ki, Heydər Əliyev istər SSRİ vaxtında, istərsə də müstəqillik dönəmində Azərbaycanın milli maraqlarına daim diqqət yetirib.

Vüsar İsmayılov vurğulayıb ki, Ulu Öndərin uzaqgörənliyi, milli maraqları üstün tutması, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti bu gün Azərbaycanı qalib dövlət edib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Ulu Öndərin dövlətçilik təcrübəsi, onun Azərbaycanı ən çətin vəziyyətlərdən məharətlə çıxarması haqqında danışıb. O, gənc nəslin məhz Heydər Əliyev ənənələrinə söykənərək Azərbaycana uğurlar qazandırdığını vurğulayıb. Sevinc Süleymanova deyib ki, Ulu Öndərin təməlini qoyduğu azərbaycançılıq ideologiyasını Prezident İlham Əliyev uğurla davam etdirməklə dövləti daha da möhkəmləndirib.

Daha sonra konfransın əsas məruzələri dinlənilib. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edib.

Knyaz Aslan Heydər Əliyevin sözügedən məsələlərlə bağlı əvəzsiz xidmətlərindən danışmaqla yanaşı, onunla görüşü haqqında xatirələrini də paylaşıb. İştirakçıların böyük maraq və diqqətinə səbəb olan çıxış Ulu Öndərin əsl liderlik və milli cəfakeş kimliyinə işıq tutub.

Həmin kafedranın daha bir təmsilçisi - filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov isə “Görkəmli dövlət və ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyev haqqında” mövzusunda təqdimat edib. Çıxışçı dünyanın ən diqqətçəkən siyasi liderləri – dövlət rəhbərləri Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Mahatma Qandi, Şarl de Qoll, Uinston Çörçill kimi liderlərin yanında Heydər Əliyev də adının çəkilməsinin Azərbaycan xalqının xoşbəxtliyi olduğunu deyib.

Redaksiya-nəşriyyat işi kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Nailə Mehrəliyeva “Ulu Öndər Heydər Əliyev və Qarabağ” mövzusunda fikirlərini paylaşıb. O, Qarabağın azad edilməsinə aparan yolda Heydər Əliyevin əsasını qoyduğu strategiyanı daha da inkişaf etdirən Prezident İlham Əliyevin uğurları haqqında danışıb.

Konfransın daha bir iştirakçısı - Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və İTV Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət də Ulu Öndərlə bağlı xatirələrini paylaşıb. O, Heydər Əliyevlə şəxsi mükaliməsini misal çəkərək Ümummilli Liderin mətbuat azadlığına nə qədər diqqətlə yanaşdığını ayrıca qeyd edib.

Məktəbin həmkarlar təşkilatının sədri və tarix müəllimi Vətən Hüseynov isə çıxışında Heydər Əliyevin qətiyyətli liderliyini vurğulayıb, dövlətə və xalqa sədaqət rəmzi olduğunu deyib.

Çıxışların ardından məktəbin yaradıcılıq kollektivi Heydər Əliyevə həsr edilmiş şeir və mahnılar ifa edib.

Qeyd edək ki, Knyaz Aslanın təşəbbüsü ilə illərdən bəri davam edən bu tədbirlərdən biri kimi sözügedən konfrans sayca 52-ci olub.

Xəbər lenti