Logo

Ankaradakı Heydər Əliyev adına orta məktəbdə müasir Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla anılıb

12.12.2024 17:37 58 baxış
IMG

Dekabrın 12-də Ankaranın Yeniməhəllə rayonundakı Heydər Əliyev adına orta məktəbdə Azərbaycan xalqının Ümummilli Liderinin anım günü ilə bağlı tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir iştirakçıları müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasının və inkişafının onun adı ilə bağlı olduğunu vurğulayıb. O, Azərbaycanın dünyaya inteqrasiyası istiqamətində Heydər Əliyevin mühüm addımlar atdığını söyləyib.

Nəcibə Nəsibova vurğulayıb ki, Ulu Öndərin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Ümummilli Liderin alternativi olmayan strateji və siyasi xətti sayəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən ölkə, etibarlı beynəlxalq tərəfdaş, qalib dövlət kimi tanınır”, - deyə N.Nəsibova bildirib.

Müşavir vurğulayıb ki, Azərbaycan xalqı müdrik Heydər Əliyevin xatirəsini əziz tutur. “Müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsəridir”, - deyə səfirliyin nümayəndəsi bildirib.

O xatırladıb ki, Ümummilli Liderin bütün dövrlərdə siyasətinin prioritet istiqamətlərindən biri təhsil sahəsi olub. Heydər Əliyev gənclərin inkişafına da xüsusi önəm verib.

Sonra Nəcibə Nəsibova Heydər Əliyevin Türkiyə və ümumən Türk dünyası ilə yaxınlaşma kursuna diqqət çəkərək, “Bir millət, iki dövlət” məşhur kəlamının məhz Azərbaycan xalqının Ümummilli Liderinə məxsus olduğunu xatırladıb.

“Azərbaycanın Ümummilli Lideri haqlı olaraq dünya miqyasında şəxsiyyətlər siyahısına daxil edilib. Əminəm ki, dahi siyasətçinin irsi bu gün Ankaradakı Heydər Əliyev adına orta məktəbin divarları arasında yaşayır. Ümid edirəm ki, bu təhsil ocağının tələbələrinin hər biri Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə əməl edərək iki qardaş xalqın qürur mənbəyinə çevriləcəklər”, - deyə N.Nəsibova bildirib.

Sonra Azərbaycan xalqının dahi oğluna həsr olunmuş film nümayiş etdirilib.

Məktəbin şagirdləri Heydər Əliyev haqqında şeir oxuyub, Ümummilli Liderin sevə-sevə dinlədiyi mahnıları ifa ediblər.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsabiqələrdə iştirak edən məktəblilərin mükafatlandırılması mərasimi keçirilib.

Məktəbdə Azərbaycan və Türkiyə dostluğu mövzusunda uşaqların rəsmləri nümayiş olunub.

Tədbirin proqramı Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başa çatıb.

Xəbər lenti