Logo

Təhsil göstəriciləri ailənin maddi vəziyyətindən asılıdırmı?

12.12.2024 22:42 121 baxış
IMG

Məktəblər arasında təbəqələşmə bütün dünya üçün adi haldır. Dilləri daha dərindən tədris edən gimnaziyalar, riyaziyyat təmayüllü ödənişli liseylər, özəl məktəblər həm imkanlı valideynləri, həm də onların övladlarını cəlb edir. Belə məktəblərdə tədris prosesi daha keyfiyyətli təşkil olunub, mükəmməl texniki qurğular və laboratoriyalara söz ola bilməz. Bu amillər seçim prosesində mühüm rol oynayır. Üstəgəl, bizim bəzi mental xüsusiyyətlərimiz. Məsələn, mənim övladım bilirsən hansı məktəbdə oxuyur? Yaxud, filankəs oğlunun filan məktəbdə oxuması üçün ildə filan qədər vəsait ödəyir və s.

Qərbdə maddi imkanlara görə təhsil ocaqları seçimi prosesinin ənənəyə çevrilməsinin az qala 500 yaşı var. Təsəvvür edirsiniz, bir nəslin nümayəndələri 4-5 əsrdir eyni ali və ya orta məktəbə daxil və məzun olurlar. Bu səbəbdəndir ki, prezidentlər, baş nazirlər, tanınmış ictimai xadimlər, elm adamlarının eyni məktəbi bitirmələrinə dair çoxsaylı nümunələr var. Başqa sözlə, əgər məktəblər arasındakı fərqdən, yaxud “imkanlı və imkansız məktəbli” mövzusundan danışırıqsa, nəzərə almalıyıq ki, Qərbdə bu proses böyük tarixi yol qət edib, bizdə isə cəmi 20-30 ilin mövzusudur.

Aydındır ki, nüfuzunu cəmiyyətə sübut etmək istəyən və göstərdiyi xidmətləri maddi yatırım hesabına edən təhsil ocaqları prosesə şəhərin, yaxud ölkənin ən savadlı və hörmətli müəllim kontingentini cəlb etməyə çalışır. Və buna nail olur. Rahat şərait, qabaqcıl proqram, maddi-texniki baza və savadlı müəllimlər. Uşaq savadlı olmasın? Yaxud, uşaq adi məktəbdə oxuyan həmyaşıdından fərqlənməsin?

Qərbdə aparılan araşdırmalar göstərir ki, imkanlı ailələrin övladları kasıb valideynlərin uşaqlarından yaxşı oxuyurlar. Söhbət ondan getmir ki, kiminsə atası şirkət rəhbəridir, digərinin valideyni isə məmur. Sadəcə müasir dünyada yaxşı təhsil üçün maddi imkanın önəmi həddindən artıq böyükdür ki, bu məqama yuxarıda toxunmuşuq. Məsələn, kimin evində kitab ehtiyatı böyükdür? Yaxud belə deyək: kimin ev kitabxanası daha zəngindir? Kimdə kitab çoxdur, təbii olaraq onun övladı məktəbə daha məlumatlı, zəngin söz ehtiyatı və inkişaf etmiş dünyagörüşü ilə gələcək. Əlbəttə, o kitabları vərəqləyibsə. Yaxud, divara asılmış rəflərdəki kitablar evin dizaynının bir detalı deyilsə.

Gəncin təhsil ocağındakı uğuru onun valideynlərinin həyatlarından da asılıdır. Söhbət nədən gedir? Ata və ananın professional statusları, təhsilləri, dünyagörüşləri və aylıq gəlirləri. Məsələn, valideynin diplomu bir çox hallarda yeniyetmə üçün mükəmməl stimul rolunda çıxış edir. Uşaq ailəsindəki maddi rifahı görür və anlayır ki, valideynləri kimi oxuyub həmin o diplomdan əldə edərsə, onun da güzəranı ən azı belə ola bilər. Həyat tək evdə oturmaqdan və işə gedib-gəlməkdən ibarət deyil ki! Uşaq hər şeyi görür və müqayisə edir – teatra və muzeyə getməyi də, ticarət mərkəzlərində edilən alış-verişləri də, xarici ölkələrə və başqa şəhərlərə edilən səyahətləri də. Bütün bunlar onun gələcəkdə nə ilə məşğul olmaq istəməsinə dair qəbul etdiyi qərara ciddi təsirini göstərir.

Rusiyada həyata keçirilmiş bir araşdırmada birinci sinfə gedən uşağın ilin sonunda göstərdiyi nəticələrə ailəsinin maddi durumunun necə təsir etdiyini öyrənməyə çalışıblar. Göstərici olaraq uşağın riyaziyyat fənnindən uğurları, faktor analizi üçün isə 4 amil nəzərə alınıb: ananın təhsili, atanın professional statusu, evdəki kitabların sayı və ailənin orta aylıq gəliri. Məlum olub ki, uşağın bilik əldə etməyə başlamasında ailənin sosial-iqtisadi statusunun ciddi rolu var. Riyaziyyat üzrə fərqlər məktəb daxilindən daha çox, məktəblər arasında büruzə verilir. Yəni, imkanlı ailələrin seçdikləri məktəblərdə uşaqların göstəriciləri daha yuxarıdır.

Cəmiyyət eynicinsli deyil. Varlısı da var, kasıbı da. Bəzən bu təbəqələr arasındakı məsafə böyük olsa belə, onları bir-birlərindən gizlətmək mümkün deyil. Küçədə, məhəllədə, yolda və nəhayət, məktəbdə uşaqlar biri digərini görür, tanıyır və müqayisə edirlər. Biz tez-tez düşünürük ki, rəqabət, digərindən yaxşı olmaq istəyi uşaqları daha güclü nəticələr göstərməyə sövq edir. Bəli, belədir. Ancaq hərdən elə də olur ki, bu istək əks effekt verir. Misal üçün, imkansız ailədən olan uşaq özünü imkanlı həmyaşıdı ilə müqayisə etmək istəyərkən özünəinamını itirə bilər, özünə qapılar. Bu hala “kiçik gölməçədə böyük qurbağa effekti” deyilir. Sözügedən “effekt” yalnız maddi amil rol oynayarkən özünü göstərmir. Misal üçün, ola bilər ki, güclü sinifdə uşaq aktiv sinif yoldaşlarının fonunda öz gücünə daha az inanır.

Biz, eyni zamanda iddia edə bilmərik ki, güclü ətraf ortabab oxumaq qabiliyyəti olan uşağın özünəinam hissini hər zaman azaldır. Çünki “kiçik gölməçədə böyük qurbağa effekti” özünü əks istiqamətdə də göstərə bilər: şagird çox güclü sinifdə oxuyur, ətrafındakı həmyaşıdlarından geri qalmamaq üçün dərslərini daha səylə yerinə yetirməyə çalışır. Başqa sözlə, özünün və özgəsinin uğurlarını nəzərə almaqla ideal balansa nail olmaq mümkündür. Orta və bir qədər yüksək göstəriciləri olan şagird üçün güclü sinifdə oxumaq daha böyüyünü əldə etmək üçün təkan rolunu oynaya bilər.

Xəbər lenti