Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında təhsil, elmi-tədqiqat sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, memorandumda elmi-tədqiqat və kadr hazırlığı sahəsində Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və ADPU-nun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə edilməsi, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan bilik, bacarıq və vərdişlərin formalaşdırılması məsələləri nəzərdə tutulur.
Tərəflər, həmçinin kimya elmində olan yeniliklərin tədris prosesində tətbiqində, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsində, elmi tədqiqatların aparılmasında, beynəlxalq və ölkə miqyaslı layihə və proqramlarda birgə iştirak edəcəklər.
Memorandumda professor-müəllim heyətinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ixtisasartırma keçməsinin təşkili, doktorant, magistrant və tələbələrin qarşılıqlı təcrübə keçməsinin təşkili, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi, birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin hazırlanması da nəzərdə tutulur. Tərəflər əldə olunan mühüm elmi nəticələrin müvafiq ixtisas və ixtisaslaşmalar üzrə tədris proqramlarına daxil edilməsi, magistr və doktorluq dissertasiya mövzularının, müştərək elmi rəhbərlərin müəyyən edilməsi istiqamətində də əməkdaşlıq edəcəklər.