Logo

Kolleclər də akkreditasiyadan keçiriləcək

13.12.2024 10:18 216 baxış
IMG

Artıq bir müddətdir ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası həyata keçirilir. Bu ildən peşə təhsili müəssisələrində də prosesə başlanılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və şöbənin aparıcı məsləhətçisi Xanım Quliyeva akkreditasiya prosesi ilə bağlı TƏHSİL.BİZ -in suallarını cavablandırıblar.

– Artıq bir müddətdir ali təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilir. İndiyə qədər neçə ali təhsil müəssisəsində institusional akkreditasiya aparılıb və nəticələr necədir?

– Daha geniş auditoriyanın məlumatlandırılması məqsədilə qeyd edək ki, akkreditasiya ali təhsil müəssisəsinin (ATM) dövlət standartlarına və digər normativ aktlara uyğun kadr hazırlığını ölçən alətdir və dövlətin verdiyi mandat əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) müəyyən etdiyi müvafiq Akkreditasiya komissiyası tərəfindən 5 ildən bir 7 istiqamət, 30 meyar, 271 indikator üzrə dəyərləndirilir. TKTA-nın “2024-cü təqvim ilində ATM-lərin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun оlaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU) və Gəncə Dövlət Universitetində (GDU) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixində keçirilən 4-cü iclasının qərarına əsasən ADNSU, ATMU, BBU və QKU 2024/2025-ci tədris ilindən etibarən növbəti 5 (beş) il müddətinə institusional akkreditasiyadan keçmiş hesab olunub. GDU ilə bağlı qərara gəlincə, qüvvədə olan akkreditasiya şəhadətnamə müddətinin növbəti 2 (iki) il üçün uzadılaraq, 1 (bir) ildən sonra təkrar akkreditasiya olunması qərarı verilib. 
Bununla yanaşı, cari ilin sentyabr-noyabr ayları ərzində Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA) və Bakı Slavyan Universitetində (BSU) institusional akkreditasiya üzrə sahə baxışı TKTA tərəfindən müəyyən edilən müvafiq Akkreditasiya komissiyaları tərəfindən həyata keçirilib. Eyni zamanda, Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında təkrar akkreditasiya həyata keçirilib. Hazırda müvafiq Akkreditasiya komissiyaları sözügedən ATM-lər üzrə Yekun hesabatları hazırlayır və iki ay ərzində Akkreditasiya Şurasının növbəti iclasına çıxarılması gözlənilir. 

Bununla yanaşı, dörd ATM-də (ADA Universiteti və Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti və Inha Universiteti) yekunlaşmış Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən 11 ikili diplom proqramları üzrə akkreditasiya qiymətləndirilməsinin nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 (beş) il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.

Bu nəticələr bir daha göstərir ki, ATM-lər keyfiyyətin təminatı istiqamətində ciddi səy göstərməlidir. Qənaətbəxş nəticələr əldə etmiş universitetlər davamlı inkişaf strategiyalarını gücləndirməli və bu istiqamətdə zəruri fəaliyyəti davam etdirməli, qeyri-qənaətbəxş nəticə göstərənlər isə struktur islahatları aparmalı və proseslərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməlidir. Akkreditasiya prosesi ölkədə ali təhsilin ümumi səviyyəsini yüksəltmək və beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün mühüm bir addımdır.

– Akkreditasiya nəticəsi "qismən uyğundur" olan ali təhsil müəssisələri ilə bağlı hansı tədbirlər görülür?

– “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisəsi və ya təhsil proqramı Akkreditasiya meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddəti növbəti 2 (iki) il üçün uzadılaraq, təhsil müəssisəsi və ya proqramı 1 (bir) ildən sonra təkrar akkreditasiya olunur. Akkreditasiya Şurasının bu qərarından sonra Yekun hesabatda göstərilən tövsiyələrin icrası ilə bağlı ATM fəaliyyət planı hazırlayır və TKTA ilə razılaşdırmaqla təsdiq edir. TKTA fəaliyyət planının icrasına nəzarət edir və illik hesabatları təhlil edir. Təkrar akkreditasiya zamanı Akkreditasiya komissiyası indikatorların qiymətləndirilməsində fəaliyyət planını təsdiqedici sənəd kimi tələb edir. Sözügedən sənəddə ATM-in verilmiş tövsiyələrdən irəli gələn fəaliyyəti haqqında məlumat əks olunur. 

– Akkreditasiya prosesi zamanı ali təhsil müəssisələrində daha çox hansı çatışmazlıqlar müşahidə edilir?

– Akkreditasiya prosesi zamanı ATM-lərdə müxtəlif çatışmazlıqlar müşahidə edilir. Hər bir ATM özünəməxsus xüsusiyyətlərə və struktura sahib olduğu üçün çatışmazlıqlar da fərqli ola bilər. Lakin, bəzi çatışmazlıqları aşağıdakı kimi ümumiləşdirə bilərik:

Tələbəyönümlü tədris və elmi fəaliyyət: Bir çox hallarda Akkreditasiya komissiyaları sahə baxışı zamanı tələbəyönümlü tədrisin təşkilində əsaslı boşluqları müşahidə edir. Xüsusilə, tədrisin tələbəyönümlü təşkilinə və beynəlxalq nəşrlərdə məqalə sayının artırılmasına diqqət yetirilməlidir. Həmçinin, elmi tədqiqatlara maliyyə dəstəyinin artırılması və tədqiqat laboratoriyalarının təsis və təchiz edilməsi vacibdir.

Peşəkar inkişaf və müasir pedaqoji metodlar: Professor-müəllim heyətinin xarici dil biliklərinin inkişafı və müasir pedaqoji metodların tətbiq edilməsi, təhsilverənlərin peşəkar inkişafının dəstəklənməsi, bu sahədəki çatışmazlıqları aradan qaldırmağa kömək edir.

Fənlərin məzmununun əmək bazarının tələblərinə uyğunluğu: Fənlərarası inteqrasiyanın təşkili və prerekvizitlik qaydalarının gözlənilməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun olması təmin edilməlidir. Bu, həm tələbələrin daha hazırlıqlı yetişməsini, həm də əmək bazarına uyğun peşəkarların hazırlanmasını təmin edir.

İdarəetmə strukturlarının təkmilləşdirilməsi: İdarəetmə qərarlarının mərkəzləşdirilmiş şəkildə deyil, kollegial formada, maraqlı tərəflərin iştirak etdiyi müzakirələr əsasında qəbul edilməsi vacibdir. Bu, şəffaflığı və qərarların dəqiqliyini artırır.

Əlavə fəaliyyətlərin və hesabatlılığın təmin edilməsi: Sorğu nəticələrinin təhlili əsasında həyata keçirilən işlərin izlənməsi və hesabatlılığın təmin edilməsi daha da inkişaf etdirilməlidir. Bu, təhsilin keyfiyyətinin davamlı ölçülməsinə və təkmilləşdirilməsinə kömək edir.

Strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq: Təhsil müəssisələrinin strateji planlaşdırma və idarəetmə təcrübəsinin artırılması, akkreditasiya meyarlarının düzgün tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Müəllim və tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlb edilməsi və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması ATM-lərin inkişafında əsas amillərdən biridir.

Əmək bazarı ilə əlaqələrin gücləndirilməsi: Tələbə qəbulunun proqnozlaşdırılmasında əmək bazarı nümayəndələri ilə sıx əlaqələr qurulmalıdır. Bu əlaqələr, həmçinin tədris proqramlarının mütəmadi müzakirəsi və yenilənməsi üçün də əhəmiyyətlidir.

Təsdiqedici sənədlərin mövcudluğu: Təlim-tədris fəaliyyətini özündə əks etdirən təsdiqedici sənədlərin mövcudluğu tədrisin keyfiyyətinin ölçülməsində mühüm göstəricilərdən biridir.

– Növbəti il üçün institusional akkreditasiyaya cəlb olunacaq ali təhsil müəssisələri müəyyənləşdirilibmi? Hansılardır?

– ATM-lərin institusional akkreditasiyası onların öncəki akkreditasiya müddətinin bitməsi ardıcıllığına uyğun olaraq müəyyən edilir. Belə ki, 2025-ci təqvim ili üçün akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ATM-lərin adlı siyahısı TKTA tərəfindən əmrləşdirilib və prosedur qaydalara uyğun olaraq, 2025-ci ilin fevral-may aylarında akkreditasiyası nəzərdə tutulan ATM-lərə 3 (üç) ay öncədən bu barədə rəsmi məlumat göndərilib. Göstərilən aylar ərzində Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi gözlənilir. 

– Bu il ilk dəfə müəllimlik ixtisası üzrə proqram akkreditasiyası aparıldı. Akkreditasiya bir ali təhsil müəssisəsində aparıldı, yoxsa bu ixtisasın tədris olnduğu müxtəlif ali təhsil müəssisələrində? Nəticələr necədir və ona uyğun olaraq hansısa ali təhsil müəssisələrində müəllimlik ixtisasının bağlanması ilə bağlı siz tərəfdən təkliflər verilibmi?

– Akkreditasiya tariximizdə yeniliklərdən biri də cari ildə ilk dəfə olaraq proqram akkreditasiyasının həyata keçirilməsidir. Belə ki, son illər müəllim səriştəsinin günün tələblərinə uyğunluğu bir neçə alət üzrə dəyərləndirilir. Mərkəzləşdirilmiş qaydada həyata keçirilən MİQ və Sertifikasiya imtahanları bunlara nümunə kimi təqdim oluna bilər. Bu məqsədlə, ölkəmizdə müəllim hazırlığını həyata keçirən ATM-lərdə “İbtidai sinif müəllimliyi” üzrə proqram akkreditasiyasının keçirilməsinə qərar verilib və cari ildə əsas və filial olmaqla 14 ATM-də “İbtidai sinif müəllimliyi” üzrə proqram akkreditasiyası aparılıb. Onlardan Naxçıvan Müəllimlər İnstitutu (NMİ), Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının (ADPU Şamaxı filialı) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə həyata keçirilmiş proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşıb və Yekun hesabatları Akkreditasiya Şurasına təqdim edilib. Akkreditasiya Şurası tərəfindən “İbtidai sinif müəllimliyi” ixtisası üzrə NMİ və ADPU Şamaxı filialının proqram akkreditasiya nəticələri “qismən uyğundur”, GDU-nun proqram akkreditasiya nəticəsi isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 (iki) il müddətinə uzadılması və hər üç ATM-in təhsil proqramının 1 (bir) ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Eyni zamanda, Azərbaycan Dillər Universiteti (ADU), Xəzər Universiteti (XU), Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU-nun Şəki filialı, Cəlilabad filialı, Quba filialı, Ağcəbədi filialı, Lənkəran Dövlət Universiteti (LDU), Bakı Qızlar Universiteti (BQU) və Mingəçevir Dövlət Universiteti (MDU) kimi ATM-lərdə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiyasının sahə baxışı yekunlaşıb və hazırda müvafiq Akreditasiya komissiyaları aidiyyəti Yekun hesabatları hazırlayır. Bu mərhələ bitdikdən sonra qaydalara uyğun olaraq, Yekun Hesabatlar Akkreditasiya Şurasına təqdim ediləcək. Akkreditasiya Şurasnın qərarından sonra bütün Yekun hesabatların ictimaiyyət üçün əlçatanlığı təmin olunacaq. Nəticədə, ölkədə fəaliyyət göstərən ATM-lərdə “İbtidai sinif müəllimliyi” təhsil proqramı üzrə faktaloji rəylərə əsaslanan ümumi mənzərəni dəqiq təsvir etmək mümkün olacaqdır. 

– İnstitusional və proqram akkreditasiyası yekunda ali təhsilimiz üçün nə vəd edir?

– Akkreditasiya qiymətləndirilməsi təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunması və onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Bununla yanaşı, akkreditasiya ali təhsil sisteminə bir neçə istiqamət üzrə mühüm töhfə verir:

Tədris keyfiyyətinin artırılması: Akkreditasiya nəticələri tədris proqramlarının yenidən nəzərdən keçirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün stimul yaradır. Bu, tələbələrin daha keyfiyyətli təhsil almasını təmin edir.

İdarəetmənin təkmilləşdirilməsi: İdarəetmə və tədris strukturlarında mövcud olan çatışmazlıqlar aşkarlanır və onların aradan qaldırılması üçün müvafiq tədbirlər icra məqsədilə tövsiyə olunur.
Rəqabət qabiliyyətinin artırılması: Akkreditasiya təhsil müəssisələrinin beynəlxalq səviyyədə tanınmasını təmin edir, eyni zamanda məzunların əmək bazarında rəqabət qabiliyyətliliyini artırır.

Şəffaflıq və hesabatlılıq: Akkreditasiya prosesinin tələbləri şəffaflıq və hesabatlılığın artırılmasına kömək edir, bu da maraqlı tərəflərin etimadını gücləndirir.

– Ali təhsil müəssisələrinə bu xidmət ödənişli əsasda göstərilir, yoxsa proses dövlət tərəfindən maliyyələşdirilir? Ödənişli deyilsə, gələcəkdə ödənişli edilməsi nəzərdə tutulurmu?

– Təhsil müəssisəsinin institusional akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş məbləğdə dövlət rüsumu ödənilir. Lakin, proqram akkreditasiyasına görə hələ heç bir rüsum nəzərdə tutulmayıb. 

– Bildiyimiz kimi peşə təhsili müəssisələrinin də akkreditasiyası üçün meyarlar hazırlanıb. Ekspertlər qərarın yeni olması səbəbindən prosesin növbəti ildən aparılmasının daha doğru ola biləcəyini deyirlər. Amma bildiyimiz qədərilə artıq proses başlayıb. Hansı müəssisələrdə akkrediyasiya aparılıb? Nəticələr necədir? Peşə təhsili müəssisələrimizdə hansı çatışmazlıqlar var?

– 9 oktyabr 2024-cü il tarixli, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin № KQ-13 nömrəli Kollegia qərarına əsasən Peşə təhsili müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Peşə təhsili müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiq edilmişdir. Meyarların oktyabr ayında təsdiq edilməsinə baxmayaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birlikdə akkreditasiyası nəzərdə tutulan PTM-lərdə Özünütəhlil hesabatlarının yazılması istiqamətində iş aparılmış və Akkreditasiya komissiyaları yaradılaraq onlara təlim keçirilmişdir. Bununla yanaşı, sözügedən meyarlar tədrisin təşkilindən irəli gələn fəaliyyətin dəyərləndirdiyini nəzərə alaraq, PTM-lər üçün hər hansı təsadüfi məzmunu özündə ehtiva edən ölçmə və dəyərləndirmə aləti olmamışdır. Qeyd olunan meyarlar əsasında Rabitə və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində sahə baxışı həyata keçirilib və hazırda Yekun hesabatlar müvafiq Akkreditasiya komissiyası tərəfindən hazırlanır. Bu baxımdan Yekun hesabatlar Akkreditasiya Şurasına təqdim olunduqdan sonra Şuranın çıxaracağı qərar əsasında nəticələr barədə daha dəqiq məlumatın verilməsi gözlənilir. 

– Növbəti ildə hansı peşə təhsili müəssisələri prosesə cəlb ediləcək? Onlarda hazırda yalnız institusional akkreditasiya aparılır, yoxsa paralel olaraq proqram akkreditasiyası da icra edilir?

– 2025-ci təqvim ili ərzində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Dövlət Peşə Təhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsi nəzərdə tutulur. Cari ildə olduğu kimi növbəti ildə də PTM səviyyəsində yalnız institusional akkreditasiyanın həyata keçirilməsi nəzərdə tutulur.  

– Növbəti mərhələlərdə orta ixtisas təhsili müəssisələrində də akkreditasiya aparılması gözlənilirmi?

– Qanunvericilik mandatına əsasən TKTA ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiyasını təşkil edən publik hüquqi şəxs statusuna malik olan qurumdur. Bu səbəblə, 2025-ci ildə orta ixtisas təhsili müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirilmə meyarlarının hazırlanıb təsdiq olunması və pilot qiymətləndirilmənin keçirilməsi planlaşdırılır.

Xəbər lenti