Logo

“Valideynlərə düzgün tərbiyə və təhsil dəstəyi metodikası öyrədilməlidir" - Ekspert

13.12.2024 11:51 133 baxış
IMG

Hər bir şagirdin uğurlu inkişafı bir çox faktorlardan asılıdır.

Bəs şagirdin intellektual, emosional və sosial inkişafını formalaşdıran əsas amillər hansılardır? Ailə mühiti, məktəb şəraiti, fərdi xüsusiyyətlər və cəmiyyətin təsiri bu prosesə necə yön verir?

Mövzu ilə bağlı TƏHSİL.BİZ -ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu amillər arasında müəllim, valideyn, cəmiyyət və şagirdin öz fərdi çalışqanlığı xüsusi rol oynayır. Lakin hər bir amilin təsiri fərqlidir və bu təsirlər bir-birini tamamlayır.

Onun sözlərinə görə, şagirdin akademik inkişafında müəllimin təsiri əvəzsiz olsa da, ailə faktoru da mühüm rol oynayır:

“Müəllimin peşəkar biliyi, pedaqoji bacarığı və şagirdlərlə düzgün ünsiyyət qurma qabiliyyəti şagirdin nəticələrinin 40%-ni müəyyən edir. Təcrübəli və motivasiyalı müəllimlər daha çox nəticə əldə edə bilirlər. Xüsusilə Azərbaycanda müəllimlərin inkişaf proqramlarına ehtiyac olduğu müşahidə edilir. Şagirdin evdə aldığı tərbiyə və valideynlərin təhsilə münasibəti şagirdin nailiyyətlərində əsaslı rol oynayır. Valideynlər təhsil prosesində həm də psixoloji dəstək rolunu oynayır. Təəssüf ki, bir çox hallarda valideynlər uşağın təhsilinə yalnız maddi təminat prizmasından yanaşır. Halbuki, emosional dəstək və düzgün istiqamətləndirmə daha vacibdir Motivasiya və fərdi çalışqanlıq bir çox hallarda valideyn və müəllimin dəstəyinə bağlıdır. Şagirdə erkən yaşlarda özünə inam və məqsədli yanaşma aşılanmazsa, fərdi çalışqanlıq gücsüz qala bilər. Bu, xüsusilə Azərbaycan təhsil sistemində şagirdlərin təşəbbüskarlığının az olması ilə özünü göstərir”.

Ekspert qeyd edib ki, cəmiyyətin təsiri, xüsusilə sosial mühit və ictimai resurslara çıxış imkanları ilə əlaqəlidir: “Müasir dünyada texnologiyanın geniş yayılması cəmiyyətin təsirini daha da artırıb. Azərbaycanda regionlarda təhsil imkanlarının məhdudluğu, urbanizasiya ilə bağlı problemlər bu təsiri zəiflədir. Cəmiyyətin şagirdə təqdim etdiyi nümunələr (ədəbi, tarixi və ya sosial) uşağın dünya görüşünü formalaşdırır. Genetik faktorlar, təsadüfi hallar, sağlamlıq problemləri və digər xarici təsirlər də şagirdin inkişafında rol oynayır. Bunlar çox kiçik faiz təşkil etsə də, bəzən əsas rol oynaya bilər”.

K.Əsədov vurğulayıb ki, Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi üçün daha çox resurs ayrılmalıdır: “Valideynlərə düzgün tərbiyə və təhsil dəstəyi metodikası öyrədilməlidir. Təhsil sahəsində sosial layihələr artırılmalı, regionlarda infrastruktur yaxşılaşdırılmalıdır. Uşaqların fərdi çalışqanlığını artırmaq üçün motivasiya proqramları hazırlanmalıdır. Beləliklə, şagirdin inkişafı yalnız bir tərəfin yox, bütün təsir amillərinin birgə səyləri ilə mümkün olur. Hər kəs – müəllimlər, valideynlər, cəmiyyət öz məsuliyyətini dərk edərək koordinasiyalı şəkildə hərəkət etməlidir. Təhsil strategiyamızda bu amillərin hər biri nəzərə alınmalıdır ki, gənc nəsil daha uğurlu bir gələcəyə sahib olsun”.

Xəbər lenti