Logo

Kayzen fəlsəfəsi nədir?

13.12.2024 16:43 123 baxış
IMG

Yaponiya təhsilinin qazandığı uğurlar haqqında indiyə qədər çox sayda araşdırma və sorğular aparılıb. Ölkənin iqtisadi inkişafında təhsilin böyük rolunu bütün tədqiqatçılar təsdiqləyir. Mütəxəssislər yaponların qazandığı uğurların arxasında duran səbəblərdən biri kimi Kayzen fəlsəfəsinin rolunu xüsusi vurğulayırlar.

“Kay” (dəyişiklik) və “zen” (daha yaxşı) sözlərinin birləşməsindən yaranan bu ifadə yapon dilində “davamlı təkmilləşdirmə”, “müsbət dəyişiklik” mənasında işlənir. Bu söz iş dünyasında səmərəliliyi və keyfiyyəti artırmaq üçün geniş istifadə olunur. Kayzen fəlsəfəsi kiçik, lakin davamlı təkmilləşdirmələrin böyük nəticələr verəcəyinə inanır. İkinci Dünya müharibəsindən sonrakı Yaponiyada kayzenin bütün sahələrdə tətbiqi ölkənin inkişafına böyük təkan verən amillərdən idi.

Kayzen fəlsəfəsi həm təhsildə, həm də iqtisadiyyatın bütün sahələrində hər kəsin iştirakını, hər kəsin təkmilləşməsini təmin edir. Bu fəlsəfənin əsas məqsədi bütün səviyyələrdə həm fərdi, həm də kollektiv inkişafa təkan verməkdir. Kayzen təkcə iş dünyasında deyil, təhsil və fərdi inkişaf sahələrində də tətbiq olunur.

Yaponiyanın İkinci Dünya müharibəsindən sonrakı iqtisadiyyatını bərpa etmək məqsədi ilə ortaya atılan bu yanaşma amerikalı ekspert V. Edvards Deminqin təlimləri əsasında hazırlanıb. Deminq Yaponiyada “sənayedə keyfiyyətə nəzarət və davamlı təkmilləşdirmə” prinsiplərini təqdim etməklə yeni yanaşmanın əsaslarını qoyub.

Kayzen və təhsil əlaqəsini araşdıran məqalələrdə göstərilir ki, kayzen metodologiyası və onun davamlı təkmilləşdirmə mədəniyyəti təhsilalanlara öyrənmə və problemlərin həlli üçün praktiki alətlər təqdim edir. Təhsildə tətbiq olunan kayzen dəyərləri şagird və tələbələrin potensialını artırmaqla onların inkişafına yardım edir. Bu yanaşma ilə müəllim və pedaqoqlar öyrənmə problemlərinin əsas səbəblərini müəyyən edə və səmərəli tədbirlər həyata keçirə bilərlər.

Yaponiyada məktəb və bağçalarda kiçik yaşlardan uşaqlara davamlı təkmilləşmə düşüncəsi aşılanır. Erkən yaşda kayzenin tətbiqində valideyn və tərbiyəçilərin böyük rolu var. Məktəblər şagirdlərə problemlərin həllində səbəb və əlverişli həll yollarını tapmaq üçün tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyə imkan yaradır. Məktəb şəraitində müəllimlər və pedaqoqlar öyrənmə problemlərinin səbəblərini daha asan müəyyən edə və praktiki, şagirdyönlü həllər hazırlaya bilirlər. Şagirdlərin bu prosesə qoşulması onları təhsil problemlərinin həllində fəal iştirakçıya çevirir.

Kayzen təhsilalanlar üçün müsbət və həvəsləndirici öyrənmə mühitinin yaradılmasının vacibliyini vurğulayır. Aydın hədəflər müəyyənləşdirmək və konstruktiv rəy verməklə müəllimlər şagirdlərin daxili motivasiyasını yüksəldə, özünəinamı və məqsədyönlülüyü inkişaf etdirə bilərlər. Onlar məqsəd və hədəf qoymaqla kayzeni dəstəkləyən mühit yarada bilərlər. Bu, ideal öyrənmə mühiti olmaqla bərabər şagirdlərin özünə nəzarətini və intizamını stimullaşdırır.

Kayzen məktəb şəraitində proqramların tətbiqi, öyrənmə, davranışları idarə etmək və problemlərin həlli üçün müxtəlif vasitələrdən, o cümlədən 3C Case (hal), Cause (səbəb) və Contermeasure (əks-tədbir) kimi alətlərdən istifadə edir.

Məktəblərdə sinif otaqlarının təşkili və idarəetməsi ilə bağlı kayzenin 5S metodologiyasından yararlanırlar. 5S (yaponca Seiri, Seiton, Seiso, Seiketsu və Shitsuke) çeşidləmə, təşkil etmə, təmizləmə, standartlaşdırma və saxlamanı nəzərdə tutur.

Mütəxəssislər bildirir ki, sinif məkanının təşkilində 5S-in tətbiqi təhsilə çoxsaylı faydalar gətirir. Təmiz, mütəşəkkil, diqqəti yayındırmayan öyrənmə mühiti şagirdlərə daha yaxşı fokuslanmağa və dərs müddətinin faydalılığını artırmağa imkan verir. Bundan əlavə, sinif otağının müntəzəm təmiz saxlanması şagirdlərin məsuliyyətini artırır, fikir dağınıqlığı və diqqətin yayınmasını aradan qaldırır.

Kayzenin tətbiqində aydın ünsiyyət və vizual idarəetmə də çox vacibdir. Yapon məktəblərində gündəlik kayzen lövhələrinin tətbiqi təhsilalanlara və müəllimlərə inkişafı izləməyə, məqsədləri vizuallaşdırmağa və vacib məlumatları paylaşmağa imkan verir. Bu lövhələr, həmçinin tələbələrin ünsiyyət və liderlik bacarıqlarının inkişafına, yaradıcılıq və komanda işini gücləndirməyə təkan verir.

Müntəzəm sessiyalar vasitəsilə müəllimlər və tələbələr irəliləyişləri müzakirə edə, problemləri aşkarlaya və həll yollarının tapılmasında əməkdaşlıq edə bilərlər. Komanda işi təkcə əməkdaşlıq və ünsiyyət bacarıqlarını gücləndirmir, həm də davamlı təkmilləşmə ilə bağlı ortaq məsuliyyət hissi yaradır.


Təhsilalanların bir-biri ilə əməkdaşlığa həvəsləndirilməsi sosial inkişaf üçün olduqca vacibdir. Bu, səmərəli ünsiyyət, münaqişələrin həlli və empatiya kimi bacarıqları əhatə edir. Bundan əlavə, komanda şəklində işləməklə, onlar bir-birilərinin güclü tərəflərindən istifadə edə və qarşılıqlı dəstək mühitini inkişaf etdirə bilərlər. Təhsilalanlar qrup layihələri vasitəsilə məsuliyyəti bölüşməyi, fərqləri müzakirə etməyi və birgə həllər tapmağı öyrənirlər.

Yaponiyada uşaqların təhsilini daha da gücləndirmək üçün kayzen modeli ilə yanaşı, müxtəlif əlavə strategiya və alətlər də mövcuddur. Məsələn, burada layihə əsaslı öyrənmə və ya birgə öyrənmə kimi aktiv tədris metodologiyaları da tətbiq olunur.

Yapon mütəxəssisləri hesab edir ki, kayzenin məktəb mühitində tətbiqi aktual və səmərəli olmaqla bərabər, uşaqların gələcəyinə dəyərli sərmayədir. Kayzen onlarda gələcək çətinliklər qarşısında inam və mətanətlə durmaq bacarığı aşılayır.

Bu sistemin aşağıdakı hədəfləri var:

Təhsildə: ev tapşırıqlarını yerinə yetirmək, imtahanlara hazırlaşmaq, otağı səliqəyə salmaq, dərslərdə və əlavə kurslarda iştirak etmək, yekun iş hazırlamaq;

Evdə: nizam-intizam, səliqə-sahman yaratmaq və əməl etmək, məqbul xərclərə qənaət və ev təsərrüfatının idarə edilməsi;

İş yerində: iş prosesinin və məkanın təşkili, həmkarlar və rəhbərlərlə qarşılıqlı əlaqə, tapşırıqların planlaşdırılması, tabeliyində olanlarla işləmək, büdcəyə qənaət.

Kayzen planlaşdırması tələbə və məktəblilərə asudə və dərs vaxtının təşkilində, tapşırıqların vaxtında yerinə yetirilməsində, prioritetlərin düzgün müəyyənləşdirilməsində kömək edir.

Kayzenin “kiçik addımlar” metodu işlərini hərtərəfli qaydaya salmağa hazır olmayan insanların belə işinə yaraya bilər. Hər gün atılan kiçik bir addım nəticədə böyük məsafənin qət edilməsinə imkan yaradır. Bu, təhsilə (məsələn, gündə bir mövzunu öyrənmək), işə (vacib layihələri kiçik hissələrə bölməklə həll etmək) özünü inkişafa (gündə bir səhifə oxumaq) aiddir.

Xəbər lenti