Logo

GDU ilə Dokuz Eylül Universiteti arasında qarşılıqlı əlaqələr genişlənir

13.12.2024 17:11 154 baxış
IMG

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Dokuz Eylül Universiteti ilə elmi əməkdaşlığı genişləndirmək üçün Türkiyədə işgüzar səfərdədir.

Universitetdən TƏHSİL.BİZ-in bölgə müxbirinə verilən məlumata görə, qardaş ölkəyə işgüzar səfər çərçivəsində Gəncə Dövlət Universitetinin nümayəndə heyəti ikili diplom proqramı ilə əlaqədar Dokuz Eylül Universitetində keçirilən Elmi Şura iclasında iştirak edib.

İclasda çıxış edənlər GDU ilə elmi əməkdaşlığı yüksək dəyərləndirib və nümayəndə heyətini Dokuz Eylül Universitetində görməkdən məmnun olduqlarını dilə gətiriblər.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələrindən danışıb, xalqlarımızın bir-birinə bağlılığının çox qədim tarixə söykəndiyini qeyd edib. Dokuz Eylül Universiteti ilə həyata keçirilən ikili diplom proqramının önəmindən danışan rektor elmi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə dəstək göstərəcəyini bildirib. O, GDU-da ikili diplom proqramı üzrə təhsil alan türkiyəli tələbələrin yataqxana ilə təmin olunacağını söyləyib.

Görüşdə tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib, “Tarix” və “İqtisadiyyat” ixtisasları üzrə nəzərdə tutulmuş ikili diplom proqramının icrası üçün ilkin danışıqlar aparılıb və tərəflər arasında razılıq əldə olunub.

GDU-nun Ümumi işlər üzrə prorektoru Samir Məmmədov, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış ediblər. Əməkdaşlıq çərçivəsində ötən tədris ilində akademik heyətin qarşılıqlı təcrübə mübadiləsinin və elmi tədqiqatların çox faydalı olduğu diqqətə çatdırılıb.

Daha sonra Gəncə Dövlət Universiteti və Dokuz Eylül Universiteti arasında mövcud olan qarşılıqlı anlaşma memorandumu növbəti üç il müddətinə uzadılıb.

Sənəddə ikili diplom çərçivəsində ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsi, birgə akademik konfransların keçirilməsi və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti