Logo

Ermənistanın silahlı qüvvələri dinc əhalini atəşə tutaraq öz tarixinə yeni bir qara ləkə əlavə edib

10.10.2020 13:58 472 baxış

Dağlıq Qarabağ cəbhəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatları davam edir. Otuz ilə yaxın bir müddətdə ayrıldığımız torpaqlara şanlı Azərbaycan əsgərinin nəfəsi qayıdır. Artıq Azərbaycanda böyükdən-kiçiyə hamı Qələbənin - Xankəndi və Şuşada üçrəngli bayrağımızın dalğalanacağı günün çox da uzaqda olmadığının fərqindədir. Erməni quldurları isə ölümqabağı son mənfur əməllərini törədirlər. Gəncə şəhərində insanların sıx yaşadığı məntəqələr, həmçinin Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Beyləqan rayonları raket atəşlərinə tutulur. Həyatını itirən onlarla vətəndaşımız var. Düşmənin bu qədər aqressivlik nümayiş etdirərək dinc əhalini atəşə tutmaqda nə məqsəd güddüyü indi müzakirə olunan məsələlər arasında önəmli yer tutur. Hərbi ekspertlər bunu müxtəlif yollarla izah edirlər. Fikrimizcə, düşməni bu taktikanı seçməyə məcbur edən bir neçə səbəb var. Birincisi, Ermənistan rəhbərliyinin və yüksəkrütbəli hərbçilərinin də etiraf etdiyi kimi, onlar dinc əhali arasında qorxu yaratmaq, azərbaycanlıları yaşadığı yerlərdən didərgin salmaq məqsədilə raket və qrad atəşinə məruz qoyur, bununla da terrorçuların məlum metodundan istifadə edirlər. Terrorizmin də başlıca məqsədi insanlar arasında qorxu və təlaş yaratmaqdır. İkincisi, erməni hərbi qüvvələri müharibədən uzaq olan şəhər və rayonlarımızın infrastrukturunu sıradan çıxarmaqla Azərbaycana iqtisadi zərbə vurmaq və bununla da arxa cəbhəmizi zəiflətmək istəyirlər. Hesab edirlər ki, bir neçə iqtisadi obyektin sıradan çıxarılması Azərbaycanı 30 illik həsrətlə gözlədiyi müqəddəs amaldan yayındıra biləcək. Artıq düşmənə bu məqsədlərinə də çata bilmədikləri aydın olub.

Bu fikirləri AzərTac-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib. O vurğulayıb ki, mülki əhali düşmənin raketləri qarşısında mərdliklə dayanır və heç kimin yaşayış yerini tərk etmək fikri yoxdur. Xalq ordumuzun və Ali Baş Komandanımızın arxasında möhkəm dayanır və Qələbə Gününün lap yaxında olduğunu bütün qəlbi ilə hiss edir. Bu barədə bəzi azərbaycanlı və rusiyalı hərbi ekspertlərin fikirləri ilə həmrəyəm -ermənilər cəbhədə ordumuzun hücumları qarşısında davam gətirə bilməyərək müdafiə mövqelərini tərk edir və hətta müasir silah-sursat anbarlarını da bizə “təhvil” verirlər. Bunun müqabilində onlar uzaq mənzilli atıcı silahlardan istifadə edərək nizamsız şəkildə dinc əhalinin yaşadığı məntəqələri atəşə tuturlar. Dinc əhalini atəşə tutmaqla bütün dünyanın gözü qarşısında müharibə cinayəti törədən Ermənistan bu gün öz tarixinə yeni bir qara ləkə əlavə edib. Nikol Paşinyan isə erməni həyasızlığını var qüvvəsi ilə işə salaraq atəşkəsə nail olmaq üçün qapılar döyür və hər dəfə də burnunun üstünə vururlar. Hətta iş o yerə çatıb ki, Vladimir Putin telefonu onun üzünə qapayıb və bununla da ona öz yerini göstərib. Paşinyan hələ də başa düşmək istəmir ki, Qarabağın işğaldan azad olunması bu günün ən əsas məsələsidir, Azərbaycan xalqı və Prezidenti üçün onun alternativi yoxdur. Biz bu gün Xankəndi və Şuşamızı azad etməyin ən yaxın məsafəsində dayanmışıq və Qələbənin ayaq səslərini duyuruq. Paşinyan və onun arxasınca gedən quldur dəstəsinə Prezident İlham Əliyevin sözləri ilə desək yalnız bir yol saxlamışıq: “Tək bir şərtimiz var. Erməni silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarını tamamilə və dərhal tərk etməlidirlər”.

https://azertag.az/xeber/

Əlimusa İbrahimov,

BDU-nun Beynəlxalq münaisbətlər və iqtisadiyyat fakültəsinin professoru

Xəbər lenti