Logo

ADPU-nun rektoru beynəlxalq konfransda “Təhsildə dəyişikliklərin idarə olunması” mövzusunda çıxış edib

23.04.2021 18:07 506 baxış
IMG

Aprel ayının 22-də Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı” start götürüb. Aprelin 25-nə qədər davam edəcək konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edir.

 

Konfransın ilk günündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov “Təhsildə dəyişikliklərin idarə olunması” mövzusunda əhatəli çıxış edib. Rektorun müasir dövrün və gələcəyin təhsil çağırışları ilə səsləşən çıxışında bir neçə aspekt üzrə önəmli məqamlar qeyd edilib.

 

Təhsildə müasir yanaşmalar və dəyişikliklər, təhsildə dəyişikliyin niyə baş verməsi və onun idarə ediləsindəki problemlər, müasir təhsildə çevik idarəçilik yanaşması və ali təhsildə idarəçilik problemləri kimi istiqamətlərdə kanseptual məsələləri vurğulayan prof. C.Cəfərov deyib: “Təhsilə sistem kimi deyil, sektor kimi yanaşmaqla yanaşı təhsildə idarəetmənin XX əsrin 80-ci illərinədək mövcud olmuş idarəetmə (education administration) yanaşmasından “governance of education” yanaşmasına keçmək zəruridir.

 

Texnologiyanın müasir inkişaf səviyyəsi, onun kommunikativ tərəfinin önə çıxması, təhsil sektorunun işləməsində və idarə olunmasında yeni dəyişikliklər və vəzifələr yaratmışdır.

 

Digər vacib dəyişikliyin səbəbi kimi təsiri hələ dəqiq ölçülməyən qlobal pandemiyanın cəmiyyət həyatına və təhsilə təsirini qeyd etmək olar. Təhsil müəssisələrinin bağlanılmasının dünyada 1.7 milyarddan çox (Azərbaycanda 2 milyona yaxın) təhsilalanı ənənəvi təhsildən kənarda saxlaması, təhsil sektorunun, təhsil prosesinin iştirakçılarının davranışlarında, biliklərində, motivasiyalarında hansı dəyişiklər yaradacaq? Bu sual gələcək illərdə aktuallığını artıracaq və bizim üzərimizə proqnozlaşdırılmamış vəzifələr qoyacaqdır.”

 

Sonra rektor deyib: “Müasir və çevik yanaşma ilə bu gün demək olar ki, koronovirus pandemiyası nəticəsində təhsil sektorunda uzunmüddətli strategiya və qaydaların yenidən işlənilməsinə ciddi ehtiyac var. Artıq bu barədə YUNESKO-nun da açıqlamaları və missiyaları mövcuddur. Bu dəyişikliyə Azərbaycan çox çevik reaksiya verib və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkə başçısı tərəfindən təsdiq olunub. «QÜDRƏTLİ DÖVLƏT VƏ YÜKSƏK RİFAH CƏMİYYƏTİ» adı ilə verilmiş beş əsas prioritet müəyyənləşdirilib… Bu prioritetlərdən üçüncüsü əsasən təhsil sahəsini əhatə edir. Tədris prosesi və təhsil idarə edilməsi «XXI əsrin tələblərinə uyğun təhsil» və «yaradıcı və innovativ cəmiyyət» altprioritetlərinə uyğun qurmalıdır. Bu prioritetdə qeyd edildiyi kimi «təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.

 

Bu dəyişikləri ancaq məsqədyönlü, uzunmüddətli və sistemli strateji planlarla, amma səbrlə idarə etmək mümkündür. Azərbaycandakı universitet idarəçiliyində dəyişikliklərin idarə olunması haqqında aşağıdakı bəndləri daha asandan çətinə doğru qeyd etmək olar: – İnfrasturktur dəyişikliyi və universitet şəhərciklərinin yaradılması; – institusional islahat – publik hüquqi şəxsə çevrilmə; – universitet təhsilində məzmunun, təlim, qiymətləndirmə üsullarının yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması; – ən çətin vəzifə isə müvafiq infrastruktur və məzmuna uyğun insan resurslarının – professor-müəllim heyətinin, universitet administrasiyasının cəlb edilməsi və ya formalaşdırılmasıdır. Bu vəzifənin icrası istiqamətində SABAH magistarturası, xaricdə təhsil üzrə mövcud dövlət proqramı və ikili diplom proqramları təsirli addımlardır; – ümumilikdə təhsildə davranış və məsuliyyət bölgüsü yenidən formalaşmalıdır.

 

Qeyd olunan əsas dəyişiklik istiqamətləri öz əksini dövlət təhsil strategiyasında da tapmışdır və hər bir təhsil müəssisəsinin buna uyğun vəzifələri mövcuddur. Ümid edirik ki, hazırlanmaqda olan “Ali təhsil haqqında Qanun”da qeyd olunan məqamlara yönəlmiş tənzimləmələr olacaqdır.”

 

Professor Cəfər Cəfərovun çıxışında xüsusən “Dəyişikliklərə Pedaqoji Universitetin baxışı” altmövzusundakı fikirləri olduqca maraqlıdır: “2021-ci ildə 100 yaşını qeyd edəcək Pedaqoji Universitet “ADPU-2021 Strateji İnkişaf Planı”na uyğun olaraq son 5 ildə mühüm dəyişikliklərdən keçmişdir. Bu dəyişliklər, onların həyata keçirilmə çətinlikləri, əldə edilmiş nəticələr müntəzəm olaraq təhsil ictimaiyyətinə təqdim olunur. Bizim üçün ən təsirli və ölçülə bilən vacib nəticə məzunların son 5 ildə MİQ imtahanlarındakı sürətlə yaxşılaşan nəticələridir. Əmin ola bilərsiz ki, bu nəticə yuxarıda qeyd olunan kompleks və sistemli səylərin nəticəsidir. Bu bizim ilk və əsas göstəricimizdir. Amma daha çox və fundamental vəzifələr də vardır. Xüsusilə Azərbaycan universietlərində bakalavr təhsilinə yönəlmiş qədər diqqət, magistartura və doktorantura təhsilinə müşahidə olunmayıb. Halbuki ali təhsil müəssisəsinin gələcəyi üçün təsirli magistartura və PHD təhsili əsasdır. Yeri gəlmişkən PHD təhsilinin də müasir tələblərə uyğunlaşdırılması, bu mərhələdə kredit sisteminin tətbiq olunması zəruridir.

 

XXI əsrdə dünyada elm və təhsilin sürətlə dəyişdiyi cari inkişaf şəraitində Azərbaycan müəlliminin vəzifələrini düzgün müəyyən etmək baxımından ADPU aşağıdakı vəzifələrin yerinə yetirilməsini strateji xətt olaraq nəzərdə tutur və 100 illik yubileydən sonra ADPU-nun 2025-ci il üçün strateji planında bu istiqamətlər nəzərə alınacaqdır:

 

– Təhsilalanlara vətən, dövlət, tarix sevgisi aşılanmalı;

 

– Təhsilalanların milli mənlik süzgəcindən keçməsi;

 

– Təhsilalanlar öz ölkəsinin quruculuğuna xidmət etməli;

 

– Vətən sevgisi və müstəqil öyrənmə bacarıqlarının formalaşdırılması;

 

– Rəqəmsal biliklər və xarici dil bacarıqlarının verilməsi.

 

Milli-mənəvi kök üzərində rəqəmsal bilik, bacarıqlar; dünyaya çıxış üçün ingiliscə; maraqlanacağı məzmunu əldə etməsi üçün dünyagörüşü; maraq dairəsi – bax bu, bizim milli təhsilin profilini formalaşdırmağa kömək edəcək yönlərdir.

 

Beləliklə, təhsil ilə birlikdə texnologiya da inkişaf edir. Yəni, yaxşı təhsil almış və intellektual səviyyəsi yüksək insanlar elmi tədqiqatlar edər və buradan çıxan nəticələri, elmə (texnologiyaya) çevirərək icra edərlər. Bu xüsusiyyətlərə sahib əhalisi olan ölkələr, mühüm inkişaf göstərib istər iqtisadi istərsə siyasi sahədə güclü hala gəlirlər.

 

ADPU-nun mətbuat katibi Cavid Hüseynov

Xəbər lenti