Moskva Dövlət Linqvistika Universitetində (MDLU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbir MDLU və “Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” təşkilatı tərəfindən baş tutub.
Tədbir çərçivəsində iştirakçılar tematik sərgi ilə tanış olub, dahi şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
MDLU-nun rektoru İrina Krayeva tədbirin təşkilində göstərdikləri dəstəyə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və MDB İcraiyyə Komitəsinə təşəkkürünü bildirib. MDLU-nun rektoru çıxışında qeyd edib ki, budəfəki konfrans dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş insanlara həsr olunmuş “Dünya dahiləri” layihəsi çərçivəsində təşkil olunur.
“Füzulisiz Azərbaycan dilini və mən deyərdim ki, xalqın mədəni kodunu təsəvvür etmək mümkün deyil. Məhz Füzulinin sayəsində azərbaycanlılar belə düzəlməz romantiklərə çevrildilər. Onun “Leyli və Məcnun” poeması Füzulinin özündən əbədi xatirə kimi qoyub getdiyi əvəzsiz bir xəzinə oldu”, - deyə İ.Krayeva bildirib.
MDLU rektorunun vurğuladığı kimi, rəhbərlik etdiyi universitet uzun illərdir ki, Azərbaycan universitetləri ilə əməkdaşlıq edir və təkcə Azərbaycan dilinin deyil, həm də iki xalq arasında mədəniyyət və dostluq ənənələrinin öyrənilməsi və təbliği istiqamətində fəal iş aparır.
Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov Füzuli yaradıcılığının Azərbaycan xalqının həyatındakı rolu və əhəmiyyətindən danışıb. Diaspor təşkilatının rəhbəri Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsində MDLU-nun aparıcı rolunu da qeyd edib. Rusiya Təhsil Akademiyasının müxbir üzvü, sosiologiya elmləri doktoru Vaqif Bayramov qeyd edib ki, konfranslar ölkələrarası mədəni qarşılıqlı əlaqələrin dərinləşməsinə kömək edir.
Moskva Dövlət Linqvistika Universitetinin tərcümə fakültəsinin II kurs tələbələrinin ifasında Məhəmməd Füzulinin qəzəl və rübailəri səsləndirilib.