Dekabrın 25-i Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarından biri Kalyaninov Aleksandr Bakı Avropa Liseyinin məzunu olub.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Bakı Avropa Liseyinin sosial media hesabında paylaşım edilib.
“Ölkə dərddədir... Ölkə qəmdədir… Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi kədərdir: məzunumuz fəlakətdə həlak oldu. Bizim Aleksandr Kalyaninov!
Arzusunu həyata keçirdi: pilot oldu. Onun uğuruna necə də sevindik: liseyin əla abituriyenti, sonra tələbəsi üçün Türkiyədən təşəkkür məktubu var. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, onlarla insanın həyatını xilas edərək vəzifə başında dünyasını dəyişdi!
Ürək heç vaxt bu itki ilə barışmaz! Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq! Əbədi yaddaş... ailəsinə və dostlarına başsağlığı diləyirik! Allah rəhmət eləsin!” – deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, yerli və xarici ekspertlər qəza enişi edən hava gəmisinin pilotlarının peşəkarlığını yüksək qiymətləndiriblər.
Xatırladaq ki, dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə 67 nəfər olub. Ölən və yaralananlar var.