“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında anım mərasimi keçirilib.
Mərasimdə filialın rəhbərliyi, professor və müəllim heyətinin nümayəndələri iştirak ediblər.
Təyyarə qəzası ilə əlaqədar filialın foyesində müvəqqəti guşə düzəldilib. Faciəni acılarını özündə əks etdirən foto qarşısına tər çiçəklər düzülüb.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru dosent Yusif Alıyev çıxışında diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin hadisə səbəbindən təyyarə ilə digər ölkənin hava məkanından Vətənə geri dönməsi Azərbaycan dövlətinin daim öz vətəndaşı yanında olmasının bariz nümunəsi, dövlət mexanizminin çevik fəaliyyətinin göstəricisidir. Dövlətimizin başçısı çevik qərarlarla faciənin əsl səbəbinin üzə çıxması üçün zəruri tədbirlər görüb. Beynəlxalq ictimaiyyət, nüfuzlu dövlət və hökumət adamları, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidenti ilə həmrəylik nümayiş etdiriblər.
Filialın direktor müavini İsmayıl Mahmudov faciə barədə fikir və düşüncələrini bölüşüb.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan faciə zamanı zərər çəkən bütün sərnişinlərə aid hüquqların qorunacağını elan edib.
Faciədə həyatını itirən şəxslərə Allahdan rəhmət, yaralılara şəfa, zərərçəkənlərin ailələrinə, əziz insanlarına və doğmalarına səbr və dözüm diləyən çıxışçılar əminliklə ifadə ediblər ki, tarixdə bütün ağır sınaqlardan üzüağ çıxan Azərbaycan xalqı bu faciənin acısını da dövlətimizlə birlikdə mətanətlə aşacaqdır.
Anım mərasimindən sonra filialın əməkdaşları Matəm kitabını yazıblar.