Logo

Üzeyir Şəfiyev: Buna görə də cəmiyyətimizdə "diplomlu işsizlərin" sayı çoxalıb

26.12.2024 16:09 107 baxış
IMG

Vaxt vardı, insanlar övladlarını oxutmamaq üzərində yarışırdılar. Çox da uzaq tarix deyil, yüzcə il əvvəl dahi mütəfəkkirimiz Mirzə Ələkbər Sabirin yazdığı "Oxutmuram, əl çəkin!" şeirini xatırlasanız, bəsdir.

İndi isə insanlar övladlarını oxutmaq, ali təhsilli etmək üçün yarışırlar. Məqsədlər fərqli olsa da, əməllər birdir...

Valideynlərin uşaqlarını oxutma istəyi təbiidir, gözəldir. Burada qəribə heç nə yoxdur. Əksinə, təqdirəlayiq addımdır, inkişafın göstəricisidir. Övladına gözəl gələcək vermək üçün valideynin tək qayəsi onu oxutmaqdır. Qəribə olan bəzilərinin məsələni şişirdib, ifrat həddinə çatdırmasıdır. Uşaqlarının sağlamlığını, istəklərini heçə sayacaq qədər həm də. Bu əzm gözlərini o qədər bürüyüb ki, əllərində əlac olsa, uşağı kitabdan 5 dəqiqəlik başını qaldırmağa da imkan verməzlər. Yəni, bəzi valideynlər özlərini bu məqsədə elə həsr ediblər ki, uşaq öz istəyini, bacarığını unudub, valideynin arzuladığı ixtisasa qəbul olmaq üçün dəridən-qabıqdan çıxır. İşin ən pis tərəfi - övlad bu məqsədinə çatsa da bədbəxt olur, çatmasa da. Çünki öz istəyi, bacarığı həmin sahəyə deyil. İnsanın sevmədiyi işi görməsi isə ona sağ ikən cəhənnəm əzabı çəkmək qədər ağrılıdır. Məqsədinə çata bilmədikdə isə valideynin psixi, hətta fiziki zorakılığına məruz qalır. İşin sonu ya psixoloji travma, ya da intiharla nəticələnir. Nadir hallarda isə həmin uşaq hansısa peşəni öyrənir və həyatda özünə yer tapa bilir. Buna görə də cəmiyyətimizdə "diplomlu işsizlərin" sayı çoxalıb.

Mövzu ilə bağlı TƏHSİL.BİZ -ə danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, mütəxəsis hazırlığı məsələsi əmək bazarı öyrənilərək həyata keçirilir. Yəni bu gün əmək bazarı nə tələb edir? Yaxın perespektivdə nə tələb edəcək? Bu sualların cavabını bilmək lazımdır:

"ƏMƏK və TƏHSİL müəssisələri birgə çalışmalıdır" Üzeyir Şəfiyev

"Əfsuslar olsun ki, bəzən formal olaraq tələb-təklif əsasında guya bazara uyğun müxtəxəssis hazırlığı üçün qəbul planı müəyyənləşir. Lakin əmək bazarının tələbləri müəyyənləşdirilmədən, sadəcə rutin olaraq hansısa sahələr üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Buna görə də ölkəmizdə bəzi sahələr üzrə mütəxəssis bolluğu var. Bəzi sahələr də isə mütəxəssis ümumiyyətlə yoxdur. Hazırda, tələb-təklif əsasında mütəxəssis hazırlığını həyata keçirmək lazımdır. Bundan başqa bu işdə keyfiyyət göstəricilərinə diqqət göstərilməlidir.
Əmək bazarında işçi qüvvələrinin tutumunu təhlil etdiyimiz zaman görürük ki, Azərbaycanda 5 milyondan yuxarı iqtisadi fəal əhali var. Amma onların 16% -i ali təhsilli mütəxəssisdirlər. Belə çıxır ki, ali təhsilli insanlarımızın da sayında azlıq var. Azərbaycanda işləməyən və təhsil almayan gənclərin sayı təqribən 23% təşkil edir. Hansı ki, Azərbaycan 2035-ci ilə qədər işsizlərin sayını 15%-ə endirməyi planlayır.
Kollec və ali təhsil müəssisələrində də keyfiyyət göstəricələrinə diqqət yetirilməlidir. Hazırda bizdə Avropa və digər dövlətlərdə mövcud olan kollec və ali təhsil sistemi ilə müqaisə olunmaz dərəcədə aşağı olan sistem mövcuddur. Buna görə də təhsil sistemində keyfiyyət göstəricilərini mütləq artırmalıyıq.
Mən onu təklif etmək istəyirəm ki, mütəxəssis hazırlığında təhsil və əmək müəssisələri birgə işləsinlər. Burda təcrübələr yüksək səviyyədə təşkil olunmalı, tələbələr iş sisteminin incəliklərini öyrənməlidirlər.
Rabitəli və kordinasiyalı fəaliyyət olduğu zaman əmək bazarında işsizlər özlərinə yer tapa bilər".

Xəbər lenti