“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarına əsasən ölkəmizdə ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi imtahan vasitəsilə həyata keçirilir.
Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 26 dekabr 2024-cü il tarixində ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının alınması üçün növbəti attestasiya imtahanı keçirilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə 2 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda namizədlərə energetika və texniki sahə biliklərini yoxlayan 40 qapalı tipli test tapşırığı təqdim olunub. Hər sualın düzgün cavabı 1 balla qiymətləndirilir. İmtahanda toplanıla bilən maksimal bal 40-a bərabərdir. 25 və ya daha yuxarı bal toplayanlar müvəffəqiyyət əldə etmiş hesab olunurlar.
Xatırladaq ki, imtahana buraxılan namizədlərin siyahısı Dövlət İmtahan Mərkəzinə Energetika Nazirliyi tərəfindən təqdim olunub.
İmtahanda 15 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 6 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.