Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikası-100: yeni iqtisadi reallıqlar və davamlı inkişaf” mövzusunda dərs vəsaitinin təqdimatı keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, dərs vəsaitinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmasının əhəmiyyətini vurğulayaraq, regionun iqtisadi inkişafı və yeni iqtisadi reallıqların təhlili baxımından mühüm elmi-tədris resursu olduğunu qeyd edib. Rektor bildirib ki, kitabda regionun iqtisadi potensialı, həyata keçirilən islahatlar, həmçinin davamlı inkişaf məqsədlərinə uyğun yeni yanaşmalar geniş işıqlandırılıb.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov dərs vəsaitində Naxçıvan Muxtar Respublikasının ötən yüz ildə keçmiş olduğu iqtisadi inkişaf yolunu və sosial mahiyyətli proseslərin yer aldığını diqqətə çatdırıb. O, qeyd edib ki, kitab tələbələr, aspirant, dissertant və doktorantlardan ibarət gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
“Mühasibat və maliyyə” kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov, Naxçıvan Muxtar Respublikasının makroiqtisadi inkişafının yeni keyfiyyət mərhələsindən bəhs edib.
“İqtisadiyyat və marketinq” kafedrasının müəllimi Məhsəti Əsgərova sosial dayanıqlılıq və ixtisaslaşma mövzularına toxunub, “Beynəlxalq ticarət və menecment” kafedrasının müəllimi Vüsal Hüseynov isə müstəqillik illərində iqtisadi inkişaf və müasir milli iqtisadi islahatları şərh edib.
Sonda müəllif göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.
Nardanə Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı