Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kollektivi ordumuza dəstəyi davam etdirir.
ADNSU-dan bildirilib ki, universitetin əməkdaşları könüllü şəkildə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər. Oktyabrın 9-na olan məlumata görə, ADNSU-nun əməkdaşlarının fərdi qaydada Fonda köçürdüyü vəsaitin həcmi 33 min 856 manat təşkil edib və bu rəqəm hər gün artır.
Xatırladaq ki, bir neçə gün əvvəl ADNSU Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb. Bundan əlavə, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad etməsini böyük həyəcan hissi ilə izləyən ADNSU kollektivinin üzvləri könüllü qaydada cəbhə bölgəsindəki əsgərlərimizə birbaşa yardım da göstəriblər. Bu məqsədlə oktyabrın 7-də ADNSU-nun əməkdaşları cəbhə bölgəsindəki N saylı hərbi hissəyə gedərək əsgərlərlə görüşüblər.