Logo

ADPU-da mentor hazırlığı ilə bağlı növbəti təlim keçirilib

29.12.2024 09:39 171 baxış
IMG

Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi-Tədqiqat Mərkəzinin (ETM) “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi çərçivəsində cari il üçün sonuncu təlimi olan “Təfəkkürə əsaslanan dərsin təşkili üzrə mentor hazırlığı” mövzusunda təlim keçirilib. 

Təlimdə universitetin Tarix və coğrafiya, Filologiya, Kimya və biologiya, İbtidai təhsil, Məktəbəqədər təhsil və İncəsənət və fiziki tərbiyə fakültələri üzrə mentorlar və ETM-in əməkdaşları iştirak ediblər.

Təlimin məqsədi müəllimlərə mentor dəstəyinin göstərilməsi üçün metodologiyanın mənimsənilməsinə nail olmaqdır. Müəllim-mentorların fəaliyyəti gələcək tədris prosesində müasir təlim üsulları ilə düşünmə bacarıqlarının təkmilləşdirilməsinə, tətbiqetmə bacarıqlarının artırılmasına yeni imkanlar açacaq.

ETM-in Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzovanın təqdimatında keçirilən təlimdə təfəkkürə əsaslanan dərsin hazırlanmasında mentorluq fəaliyyətinin yeri şərh edilib, təlim nəticələrinin müəyyən olunmasında taksonomiyaların rolu əsaslandırılıb, formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, məqsədləri, aparılma qaydaları izah edilib. Təlimdə praktik tapşırıqlar yerinə yetirilib, təqdimatlar edilib, müzakirələr aparılıb, nəticələr təhlil olunub.

Xəbər lenti