Logo

BDU-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq

29.12.2024 19:24 138 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə BDU Elmi Şurası qərar qəbul edib.

Rektor Elçin Babayev qeyd edib ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil siyasətini daha cəsarətlə davam etdirən ölkəmizin milli maraqları baxımından tarixi bir qərardır.

Diqqətə çatdırılıb ki, ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində alınıb, ictimai-siyasi sabitlik təmin edilib və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranıb. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Bütün bu tarixi proseslərin daha dərindən öyrənilməsinə, tədqiqatların aparılmasına, gənc nəslə çatdırılmasına böyük ehtiyac var. Rektor qeyd edib ki, böyük potensiala malik elm və təhsil müəssisəsi kimi BDU bu prosesdən kənar qalmayacaq və “Konstitusiya və Suverenlik İli”nə öz töhfələrini verəcək.

Xəbər lenti