Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2024-cü ildə keçirilmiş son genişləndirilmiş iclasında qəbul edilmiş qərarlara əsasən, Rektorun yanında Beynəlxalq Məşvərət Şurasının yaradılması və universitetin beynəlxalq reytinqlərdə nüfuzunun artırılması ilə bağlı mühüm addımların atılması qərara alınıb. Bu qərarların icrası çərçivəsində Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayevə verilən tapşırıqlara uyğun olaraq beynəlxalq elmi əməkdaşlıq və yeniliklərə dair vorkşop keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşün əsas məqsədlərindən biri tələbələrin elmə marağı artırmaq, onları beynəlxalq layihələrdə iştiraka həvəsləndirmək və müasir tədqiqat metodologiyalarını nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan Nuran Abdullayev bu istiqamətdə keçirilən tədbirlərin elmi inkişaf və tələbələrin gələcək karyera perspektivləri baxımından əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Daha sonra professor “Expertise in Mechanical Thrombectomy: Cutting-Edge Techniques for Improved Stroke Outcomes” mövzusunda çıxış edib. O, məruzəsində müasir tibb texnologiyaları və insultun müalicəsində mexaniki trombektomiya texnikalarının elmi əsasları barədə ətraflı məlumat verib və AzTU-nun professor-müəllim heyəti ilə müzakirə aparıb.
Bununla yanaşı, Nuran Abdullayev Biotibbi Mühəndislik İnstitutunda mövcud tədqiqat imkanları və Avropanın aparıcı elmi institutları ilə birgə fəaliyyət perspektivləri barədə də fikirlərini bölüşüb. O, gənc elm adamları üçün universitetin yaratdığı imkanlardan da danışıb.
Görüşdə həmçinin ABŞ-nin Massaçusets Universitetinin tələbəsi Kamran Ağayev müasir elektromühəndislik sahəsində məruzə edib. Kamran Ağayev həm öz layihələrindən, həm də AzTU tələbələrinin Massaçusets Universiteti ilə birgə elmi fəaliyyət imkanlarından danışıb, auditoriyanın suallarını cavablandırıb. Bundan başqa, 2025-ci il üçün növbəti birgə layihələr və nəzərdə tutulan görüşlər barədə də müzakirə aparılıb.