SDU-da ilin yekunları ilə bağlı Elmi Şura keçirildi
Dekabrın 26-da Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Universitetin rektoru Rüfət Əzizov iclasın gündəliyində duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Əmək haqlarının artırılması və 2025-ci il Yeni il bayramı münasibətilə əməkdaşların mükafatlandırılması, ümumi illik hesabat, 2025-ci ildə SDU-da keçiriləcək Respublika və beynəlxalq səviyyəli elmi konfransların planının təsdiqi, həmçinin SDU-nun nəzdində fəaliyyət göstərən FD 2.24-Dissertasiya Şurasında seminar və şura üzvlərinə Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar əmək haqqı ödənilməsi barədə məsələlər dinlənilib. Aparılan müzakirələrdən sonra Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.
Qeyd edək ki, professor - müəllim heyətinin mərhələli şəkildə (son 1 ildə 2 dəfəyə) maaşı toplam aşağıdakı kimi artırılıb.
- Professor maaşı 27% artaraq 1900 AZN,
- Dosent maaşı 28% artaraq 1600 AZN,
- Baş müəllim (elmi dərəcəli) 37% artaraq 1300 AZN,
- Müəllim (elmi dərəcəli) 27% artaraq 1100 AZN oldu.
İnzibati heyətin maaşı ortalama 25%, tədris köməkçi heyətin maaşı isə ortalama 20% artırılmışdır.
Bayram münasibəti ilə bütün əməkdaşlara 100 AZN, il ərzində yüksək nəticələr göstərən inzibati heyət üzvlərinə maaşlarının 50% qədər mükafat verilib.
Sonda, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verib.