Bu il ilk dəfə ADA Universitetində hüquqşünaslıq üzrə magistratura proqramına start verilib. Proqram yeni olduğundan qəbul şərtləri, tədris dili və bir sıra məsələlər hələ də çoxlarına aydın deyil.
AzEdu ADA universitetinə mövzu ilə bağlı sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, proqram çərçivəsində dərslər həftədə üç dəfə təşkil olunur:
“Proqram hüquq məzunları və hüquq sahəsində peşəkarlar üçün nəzərdə tutulub və hüquq, biznes, dövlət siyasəti və beynəlxalq səviyyələrdə mürəkkəb hüquqi problemləri həll etmək üçün zəruri bilik və praktiki bacarıqlar qazandırır.
Proqram çərçivəsində dərslər həftədə üç dəfə təşkil olunur. Həftəiçi iki axşam (17:00-21:00) və həftəsonu bir gündüz sessiyası. Tələbələr əsas və seçmə fənlər üzrə ümumilikdə 96 kredit toplayır və ya Magistr Tezi (dərin müstəqil araşdırma) və ya Praktiki Layihə (real hüquqi problemlərə əsaslanan) ilə proqramı başa vururlar.
ADA Universitetindəki LL.M. Proqramı həm Azərbaycan, həm də İngilis dillərində tədris olunur. Bu, müasir hüquqi praktikaların transmilli xarakterini əks etdirir. Buna görə də, namizədlər hər iki dildə sərbəst danışmaq bacarığını nümayiş etdirməlidirlər”.
Həmçinin, proqram üçün uyğunluq tələbləri də qeyd olunub:
“Hüquq üzrə bakalavr dərəcəsi (minimal GPA 2.5): 2.5 GPA və ya daha yüksək nəticə göstərən namizədlər müraciət edə bilərlər. Əlavə akademik nailiyyətlər, əhəmiyyətli iş təcrübəsi və ya tədqiqat təcrübəsi olan namizədlər üçün istisnalar edilə bilər.
İngilis dili biliyi: Namizədlər aşağıdakı testlərdən birinin nəticəsini təqdim etməlidirlər:
IELTS Academic – minimum 6.5
Duolingo English Test – minimum 120
IBT TOEFL – minimum 83 (Kod: 2093)
PTE Academic – minimum 58
Ev şəraitində verilən PTE və IBT testləri qəbul edilmir. Nəticələr yalnız qeydiyyatdan keçmiş test mərkəzlərindən qəbul olunur”.
Namizədlər aşağıdakı meyarlara cavab verərsə, ingilis dili testindən azad edilə bilərlər:
Ana dilinin ingilis dili olması, ingilisdilli ölkədə ali təhsilalma, eləcə də ADA Universitetindən bakalavr dərəcəsindən məzun olmaqla namizədlər test imtahanından azad ola bilərlər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin testi üzrə əksər proqramlar üçün minimum 50 bal tələb olunur. Xarici dil üzrə bal məhdudiyyəti yoxdur.
Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayış icazəsi olan xarici vətəndaşlar Dövlət İmtahan Mərkəzinin (DİM) magistr qəbul imtahanının nəticələrini təqdim etməlidirlər. Test üçün ayrıca qeydiyyat tələb olunur”.
Sorğuda vurğulanıb ki, LL.M. Proqramına qəbul iki mərhələdən ibarətdir:
Birinci mərhələ müraciətlərin qəbuludur. Belə ki, ADA Universitetinin Magistr Proqramları Portalı vasitəsilə müraciət tamamlanmalıdır (elektron ərizəni doldurmaq və əlavə sənədlər yükləmək tələbi var).
İkinci mərhələ isə müsahibə mərhələsidir. Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün llik təhsil haqqı 8,500 AZN təşkil edir”.