Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Humanitar fakültələr üzrə rus dili kafedrasının təşkilatçılığı ilə “Mir Cəlal Paşayev: böyük alim və pedaqoq” adlı onlayn tədbir keçirilib.
Mir Cəlal Paşayevin anadan olmasının 113-cü ildönümü münasibətilə təşkil olunmuş tədbiri giriş sözü ilə açan Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti Tahir Əliyev görkəmli yazıçının ədəbi yaradıcılığında milli-mənəvi dəyərlərdən danışıb, bu dəyərlərin gənc nəslə təbliğinin vacibliyini diqqətə çatdırıb.
Ailə üzvləri adından çıxış edən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva Mir Cəlal müəllimin əməli və qələmi ilə bütün nəsillərə örnək şəxsiyyət olduğunu vurğulayıb, təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edib.
Sonda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək, Mir Cəlal Paşayevin konyukturadan kənar yaradıcılığının kökündə dayanan insanlıq fəlsəfəsindən danışıb, hər il doğum günü ərəfəsində görkəmli ziyalının xatirəsinin yad olunduğunu qeyd edib, böyük ustadın ənənələrini yaşadan qızı Ədibə xanıma və onun yetirmələrinə təşəkkürünü bildirib.