Logo

AMEA-nın Qafqazşünaslıq İnstitutu yeni nəşrlərini təqdim edib

11.01.2025 16:05 85 baxış
IMG

AMEA-nın Qafqazşünaslıq İnstitutunun yeni nəşr olunmuş kitablarının təqdimatı keçirilib.

Bu barədə Tehsil.biz-ə institutdan məlumat verilib. İnstitutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru Ramilə Dadaşova əməkdaşların elmi-təhlil nəticələri, göstərilən təkliflər və tövsiyələrin hər il fundamental əsərlərdə əksini taparaq nəşr edildiyini və dövlət orqanlarına, həmçinin akademik dairələrə göndərildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin maraqlarına xidmət edən elmi əsərlər yüksək elmmetrik bazalarda yerləşən jurnallarda dərc edilir. Qeyd olunub ki, institut əməkdaşlarının Azərbaycanda 51 monoqrafiya və kitabı, xarici ölkələrdə 10 kitabı nəşr edilib. Bundan başqa, 2024-cü ildə institutun 10 kitabı - 3 monoqrafiya və 2 kollektiv əsəri, “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı, “Qafqazşünaslığın aktual problemləri” məqalələr toplusu və 3 konfransın materialları nəşr olunub.

Daha sonra institutun şöbə müdiri Vahid Ömərov, Naziyə Məmmədova, Nigar Mustafayevanın yazdıqları “Gürcüstan-Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” adlı kitab təqdim edilib. Mötəbər mənbələr əsasında yazılmış elmi əsərdə Gürcüstan-Ermənistan münasibətlərinin qurulması, mövcud vəziyyəti və problemləri araşdırılıb. Əsərdə istifadə edilən elmi materialların əksəriyyəti elmi dövriyyəyə ilk dəfə cəlb edilib. Qeyd olunub ki, kitabın ideya müəllifi və elmi redaktoru AMEA-nın müxbir üzvü professor Musa Qasımlıdır. Kitabın rəyçilərindən olan professor Qasım Hacıyev, Günel Musayeva, Samirə Həbibbəyli kitab haqqında fikirlərini bölüşüblər.

Daha sonra Liliya Mirzəzadə, Günay Feyziyeva, Şahnaz Rəhimovanın müəllifi olduqları “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” kitabı təqdim edilib. Müxtəlif mənbələrdən istifadə edilən əsərdə Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarının tarixi, demoqrafik vəziyyəti, sosial-iqtisadi, siyasi şəraitində ermənilərin iştirakı araşdırılıb. Qeyd edilib ki, kitabın ideya müəllifi AMEA-nın müxbir üzvü Musa Qasımlı, elmi redaktor Vahid Ömərov, rəyçilər Qasım Hacıyev, Elnur Kəlbizadədir.

Samirə Həbibbəylinin “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri” monoqrafiyası da təqdim olunub. Müəllif kitabın yazılmasında məqsəd və vəzifələr, əldə edilən elmi nəticələr haqqında məlumat verib.

Tədbirdə iştirak edən akademik Muxtar İmanov, siyasi şərhçi Elşad Həsənov, Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı təqdim edilən kitablarla bağlı fikirlərini bölüşüblər. Nəşrlərin Azərbaycan elmi üçün dəyərli elmi-tədqiqat işi olduğunu bildiriblər.

Qafqazşünaslıq İnstitutunun elmi katibi Südabə Hüseynova, direktor köməkçisi Məzahir Sadıxov nəşrlər haqqında öz fikirlərini bildirib, müəllifləri təbrik ediblər.

Xəbər lenti