Logo

Dövlət və özəl universitetlər arasında fərq

12.01.2025 13:04 138 baxış
IMG

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, Azərbaycanda özəl məktəb və universitetlərdə təhsil keyfiyyəti ilə dövlət müəssisələri arasındakı fərqlər həm müsbət, həm də mənfi aspektlərdən təhlil edilməlidir. O qeyd edir ki, özəl təhsil müəssisələrinin əsas üstünlüyü daha modern infrastruktur, innovativ yanaşmalar və tələbə yönümlü xidmətlər təklif etmələridir. Bu müəssisələrdə müəllim-şagird nisbətinin aşağı olması fərdi yanaşma imkanlarını artırır. Məsələn, Azərbaycanda bəzi özəl məktəblərdə hər 10-12 şagirdə bir müəllim düşür ki, bu da dünya standartlarına uyğundur. Dövlət məktəblərində isə bu rəqəm 20-25 şagird arasında dəyişir.

Kamran Əsədov bildirir ki, özəl universitetlərdə də vəziyyət bənzərdir. Təhsildə daha fərdi yanaşma, praktiki məşğələlər və xarici mütəxəssislərin cəlb olunması bu müəssisələrin müsbət tərəfləridir. Lakin təhsil eksperti qeyd edir ki, bu üstünlüklərə baxmayaraq, özəl təhsil müəssisələrinin çoxu daha yüksək təhsil haqları tələb edir ki, bu da onları cəmiyyətin geniş təbəqələri üçün əlçatmaz edir. O, əlavə edir ki, bəzi özəl məktəblərdə illik təhsil haqqı 20-30 min manat arasında dəyişir ki, bu da orta statistik ailənin büdcəsini çox çətinləşdirir.

Kamran Əsədov sitat gətirir ki, “özəl məktəblərin müsbət tərəfləri ilə yanaşı, müəyyən problemləri də var. Əsas məsələlərdən biri müəllimlərin keyfiyyətidir. Əgər dövlət məktəblərində müəllimlər ciddi sertifikasiya prosesindən keçirsələr, bəzi özəl məktəblərdə bu məsələyə yetərincə diqqət ayrılmır.” Təhsil eksperti vurğulayır ki, dövlət müəssisələrində müəllimlərin işə qəbul prosesi daha şəffafdır və ümumilikdə sistematik yanaşma mövcuddur.

Dünya təcrübəsindən danışan Kamran Əsədov bildirir ki, inkişaf etmiş ölkələrdə özəl və dövlət təhsili arasında balans yaradılıb. Məsələn, Finlandiyada təhsil əsasən dövlət məktəblərində təmin olunur və dövlət məktəbləri özəl təhsil müəssisələrindən heç bir şəkildə geri qalmır. ABŞ-da isə özəl universitetlər, məsələn, Harvard və Stanford kimi nüfuzlu təhsil müəssisələri həm yüksək keyfiyyət, həm də güclü maliyyə dəstəyi ilə fərqlənirlər. Lakin bu universitetlərin təhsil haqları da çox yüksəkdir. Buna baxmayaraq, ABŞ hökuməti müxtəlif təqaüd proqramları və maliyyə yardımları ilə tələbələri dəstəkləyir.

Azərbaycanda isə təhsil eksperti Kamran Əsədov qeyd edir ki, dövlət müəssisələri ilə özəl müəssisələr arasında ciddi rəqabət hələ formalaşmayıb. Dövlət məktəbləri və universitetləri müəyyən resurs məhdudiyyətlərinə baxmayaraq, cəmiyyətin böyük hissəsini əhatə edir. “Dövlət məktəblərində təhsil pulsuzdur və bu, əhalinin böyük hissəsi üçün böyük üstünlükdür. Lakin resurs məhdudiyyətləri səbəbindən innovativ yanaşmaların tətbiqi zəif qalır,” – deyə o bildirir.

Statistikaya əsasən, Azərbaycanda özəl məktəblərdə təhsil alan şagirdlərin sayı ümumi şagirdlərin cəmi 1.5%-ni təşkil edir. Bu göstərici Avropa ölkələrində 10-20% arasında dəyişir. Kamran Əsədov qeyd edir ki, bu fərq özəl təhsilin əlçatan olmaması ilə bağlıdır. Eyni zamanda, o əlavə edir ki, dövlət təhsil müəssisələrində müəyyən islahatlar həyata keçirilməlidir ki, bu müəssisələr daha rəqabətqabiliyyətli olsun.

Sonda təhsil eksperti vurğulayır ki, dövlət və özəl təhsil müəssisələri bir-birini tamamlayan qurumlar olmalıdır. “Əsas məqsəd şagirdlərin və tələbələrin keyfiyyətli təhsil almasını təmin etməkdir. Dövlət və özəl sektorun əməkdaşlığı bu sahədə böyük irəliləyişə səbəb ola bilər,” – deyə Kamran Əsədov qeyd edir.

 

Bəhman Hüseynli

Xəbər lenti