Azərbaycan Vətən müharibəsi aparır. İllərdir həsrətində olduğumuz məqam gəlib çatmışdır. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz bir-birinin ardınca qələbələr qazanaraq, torpaqlarımızı düşməndən azad edir. Beləcə 30 ildir həsrət çəkən məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağı gün hər keçən gün yaxınlaşır.
Lakin düşmən müzəffər ordumuzun döyüş bölgəsində qazandığı uğurlara sosial şəbəkələr vasitəsilə kölgə salmağa çalışır, hər cür təxribatlara əl atır. Belə ki, sosial şəbəkələrdə yayılmış video dəlil nəticəsində aparıcı sosial platformalar - Facebook və İnstagramda çalışan erməni əsilli işçilərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Hazırda həmin qlobal şirkətlərin erməni əsilli əməkdaşlarının fəaliyyəti Azərbaycanlı sosial media istifadəçilərinin haqq səsinin susdurulmasına, erməni yalanlarının daha da geniş yayılmasına kömək etməyə yönəlmişdir.
Biz, Azərbaycan gəncliyi fəal sosial media istifadəçiləri kimi buna imkan verməməli və ordumuzun döyüş meydanında qazandığı qələbələri sosial media platformaları üzərindən də möhkəmləndirməliyik. Bunun üçün sizləri Facebook və İnstagram kimi şirkətlərə müraciət ünvanlayaraq, onların erməni əsilli işçilərinin Azərbaycanlılara qarşı diskriminasiyasına son qoymağı tələb etməyə çağırırıq. Bu şirkətlərdən obyektivlik və bitərəflik kimi dəyərlərinə sadiqlik tələb olunmalıdır. Bunun üçün həmin şirkətlərin rəhbərliyinə ünvanlanacaq məktub layihəsi əlavə olunur. Hamınızdan bu məzmunda məktubu şirkətlərin aşağıdakı əlaqə ünvanlarına göndərilməsini xahiş edirik.