Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2024-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.
Tehsil.biz-ə xəbər verir ki, iclasdan öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, Lənkəran Regional Elmi Mərkəzində, həmçinin ali təhsil və tibb müəssisələrində 2024-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iclasın gündəliyi barədə məlumat verib.
AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.
İclasda, həmçinin Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Mərkəzin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabatı təqdim edib.
Lənkəran Regional Elmi Mərkəzinin də hesabatına toxunan AMEA rəhbəri Mərkəzdə aparılan islahatların qurumun fəaliyyətinə müsbət təsir etdiyini, nəticədə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarının cari ildə də səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edərək iclasa yekun vurub.