AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib .
Tehsil.biz xəbər ki, iclasda Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
AMEA-nın vitse-prezidenti, BTEB-nin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.
Akademik İradə Hüseynova qeyd edib ki, respublikanın müvafiq elm və təhsil müəssisələrində tədqiqatlar BTEB tərəfindən müəyyən edilmiş dörd - biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-nano və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi və patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətlərində aparılıb.
Məruzəçi vurğulayıb ki, hesabat dövründə bölmənin və onun əhatə etdiyi tədqiqat müəssisələrinin elmi fəaliyyətinin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı” əhəmiyyətli yer tutub. Bölmə və onun üzvləri İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər müvafiq işçi qruplarının işində, fəaliyyət proqramlarının icrasında, region üzrə monitorinqlərin aparılmasında fəal şəkildə iştirak ediblər. Belə ki, işğaldan azad edilmiş ərazilərdə BTEB-in əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb.
Akademik İradə Hüseynova bildirib ki, bölmənin əhatə etdiyi institutlarda hesabat ilində 20 problem, 76 mövzu, 218 iş, 480 mərhələ üzrə tədqiqatlar aparılıb, 16 mövzu, 77 iş və 447 mərhələ tamamlanıb. Tibb müəssisələrində 32 problem, 145 mövzu (20-si tamamlanıb) və 118 işi (57-si tamamlanıb) əhatə edən 211 (92-si tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib.
Bundan əlavə, hesabat dövründə BTEB-in əhatə etdiyi institutlar tərəfindən 1201 elmi əsər, o cümlədən 9 kitab, 16 monoqrafiya, 482 məqalə (291-i xaricdə, onlardan 254-ü indeksləşən bazalara, 106-sı “Web of Science” və “Scopus” bazalarında), 658 tezis (258-i xaricdə) nəşr olunub, əməkdaşların əsərlərinə 4097 istinad edilib.
Tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələri tərəfindən isə 3 min 660 elmi əsər, o cümlədən 81 kitab (5-i xaricdə), 20 monoqrafiya (1-i xaricdə), 1631 məqalə (703-ü xaricdə, onlardan 317-si “Web of Science” və “Scopus” bazalarından olan jurnallarda), 1928 tezis (675-i xaricdə) nəşr olunub, elmi əsərlərə 667 istinad qeydə alınıb.
Hesabat ilində Kənd Təsərrüfatı Nazirliyinin aqrar tədqiqat və təhsil müəssisələri tərəfindən 1242 elmi əsər, o cümlədən 17 kitab (3-ü xaricdə), 4 monoqrafiya, 697 məqalə (182-si xaricdə, onlardan 117-si “Web of Science” və “Scopus” bazalarında), 524 tezis (212-i xaricdə) nəşr olunub, əməkdaşların əsərlərinə 513 istinad edilib.
Məruzədə, o cümlədən elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər, patentlər, qrantlar və s. barədə məlumat verilib.
Akademik İradə Hüseynova 2024-cü il Fiziologiya və Tibb üzrə və Kimya üzrə Nobel Mükafatı laureatlarının apardıqları tədqiqat istiqamətlərinin biologiya və tibb elmləri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Mübariz Hacıbəyov, AMEA-nın müşaviri akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, Vaqif Novruzov, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti bölməsinin rəhbəri Fuad Novruzov və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Hesabatı yüksək qiymətləndirən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində aktiv fəaliyyət göstərib, çoxsaylı konfranslar keçirilib, nəşrlər ərsəyə gətirilib. Akademik İsa Həbibbəyli, həmçinin bölmənin əməkdaşlarının Qarabağda apardıqları tədqiqatların təqdirəlayiq olduğunu söyləyib.
Sonda Rəyasət Heyətinin qərarı ilə bölməyə müvafiq tapşırıqlar verilib.