Logo

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb

18.01.2025 13:54 81 baxış
IMG

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ATİAHİ-dən Tehsil.biz-ə bildirilib ki, bu memorandum tərəflər arasında təhsil sahəsində işçilərin hüquqlarının qorunması və həmkarlar ittifaqına üzvlük məsələlərində səmərəli əməkdaşlığın təmin edilməsini nəzərdə tutur.

Memoranduma əsasən, ATİB üzvü olan təhsil müəssisələrində çalışan işçilərin ATİAHİ-yə üzv olmağa təşviq edilməsi və onların əmək hüquqlarının qorunması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq, həmçinin təhsil işçilərinin hüquqlarının müdafiəsi, kollektiv müqavilələrin hazırlanması və üzvlük proseslərinin asanlaşdırılması məsələlərini əhatə edəcək. ATİAHİ, həmkarlar ittifaqına üzv olmaq istəyən işçilərə dəstək verərək onların hüquqlarını qorumaq üçün müvafiq addımlar atacaq.

Memorandum çərçivəsində tərəflər arasında əlaqələrin davamlı olaraq gündəmdə saxlanması və inkişaf etdirilməsi, həmçinin digər zəruri məsələlərin həlli üçün qarşılıqlı əməkdaşlıq təmin olunacaq.

Tədbirin sonunda, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev və ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu addım, təhsil işçilərinin hüquqlarının qorunması, həmkarlar ittifaqına üzv olma proseslərinin təkmilləşdirilməsi və təhsil müəssisələrində işçilərin rifahının artırılması istiqamətində mühüm bir irəliləyişdir.

Bu memorandum həmkarlar ittifaqları və iş adamları birlikləri arasında əməkdaşlığın gücləndirilməsi üçün möhkəm bir təməl yaradacaq və gələcəkdə bu sahədə daha geniş layihələrin həyata keçirilməsinə zəmin hazırlayacaq.

Xəbər lenti