Logo

Ayxan Dəmirli: Məqsədim ən yüksək nəticəni əldə etmək idi və buna nail oldum

18.01.2025 15:04 123 baxış
IMG

Azərbaycan məktəbliləri 13-17 yanvar tarixlərində Astanada keçirilən riyaziyyat, fizika və informatika üzrə XXI Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO 2025) iştirak ediblər. Olimpiadanın iki turunun yekunlarına əsasən, Azərbaycan iştirakçıları bir qızıl və yeddi bürünc medal qazanıblar.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdi və qızıl medal sahibi Ayxan Dəmirli AZƏRTAC-a təəssüratlarını bölüşüb. "Bu qələbə mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki ötən il informatika üzrə beynəlxalq olimpiadada gümüş medal qazanmışdım. Bu il daha ciddi hazırlaşaraq daha yüksək nəticə əldə etmək məqsədi qoymuşdum", - deyə bildirib.

Hazırlıq prosesi haqqında danışan şagird bildirib: "Hazırlıq prosesi fasiləsiz davam etdi - həm müstəqil məşğul oldum, həm də xüsusi təlim düşərgələrində iştirak etdim. Hazırlığın konkret müddətini söyləmək çətindir - bu, bacarıqların daimi təkmilləşdirilməsi prosesidir".

Olimpiadanın gedişatı barədə fikirlərini bölüşən Ayxan deyib ki, suallar kifayət qədər çətin idi. “Ümumilikdə, komandamız uğurla çıxış etdi - biz səkkiz medal qazandıq",- deyə söyləyib.

Ayxan Dəmirli əlavə edib ki, keçən illə müqayisədə hazırlığa daha çox səy göstərib və bu da ən yüksək zirvəyə qalxmağa imkan verib. "Gələcəkdə də bu istiqamətdə irəliləməyi və növbəti yarışlarda iştirak etməyi planlaşdırıram", - deyə vurğulayıb.

Qeyd edək ki, builki olimpiadada dünyanın 15 ölkəsindən 700-dən çox məktəbli iştirak edib. Beynəlxalq münsiflər heyəti tərəfindən hazırlanmış tapşırıqlar ixtisaslaşdırılmış siniflərin proqramına uyğun tərtib olunub.

Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Maarif Nazirliyinin himayəsi altında keçirilir.

 

Elşən Rüstəmov

Xəbər lenti