Logo

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ADAU-da silsilə tədbirlərlə yad edilib

18.01.2025 15:09 182 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ən yeni tariximizin şərəfli səhifələrindən biri hesab olunan 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, Universitetin Mərkəzi Kitabxanasında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd olunub.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş edilib.

Mərasimdə çıxış edən Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, 20 Yanvar hadisəsindən 35 il keçməsinə baxmayaraq bu faciə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Rektor Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvada Azərbaycanın haqq səsini dünyaya çatdırdığını vurğulayıb. Bildirib ki, 1993-cü ildən sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib.

Sonra İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov və dosent Siyasət Məmmədov çıxışlarında 20 Yanvarın Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixi hadisənin xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıblar.

Sonda tələbələrin çıxışları dinlənilib.

20 Yanvar faciəsinin ildönümünə həsr olunan “20 Yanvar Müstəqilliyə gedən yolun başlanğıcıdır” adlı növbəti tədbir Aqrar İqtisadiyyat fakültəsində keçirilib.

Tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Aqrar iqtisadiyyat fakültəsinin dekanı Asəf Qasımov, İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov və kafedranın baş müəllimi Səbinə Əlizadə çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, doğma Vətənimizin azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin qəlbimizdə daim yaşadığını bildiriblər.

Tələbələrdən Arzu Rüstəmova və Fidan Qulubəyli 20 Yanvar faciəsinə həsr olunan şer parçaları səsləndiriblər.

Xəbər lenti