Xəbər verdiyimiz kimi, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür.
Həmin Qanlı Yanvar gecəsi azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımız arasında şagirdlərimiz də oldu.
Onlar Larisa Məmmədova, İlqar İbrahimov, Vera Bessantina və Nəriman Hüseynovdur. Həmin o faciə yaşanılan günə qədər şagird kimi öz doğma məktəblərinə sevə-sevə gedirdilər. Hər birinin xəyalları, arzuları, sevimli müəllimi və sinif yoldaşları var idi. Larisa Məmmədova Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin, İlqar İbrahimov 167 nömrəli tam orta məktəbin VII sinif şagirdləri idi. 15 yaşlı Nəriman Hüseynov isə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə VIII sinifdə oxuyurdu. Faciənin qurbanı olan daha bir məktəblimiz- Vera Bessantina 258 nömrəli tam orta məktəbin XI sinif şagirdi idi. Onların hər birinin yarımçıq qalan ömür hekayəsi, faciənin qurbanı olması insanı sarsıdır, dəhşətə gətirir.
Larisa Məmmədova bir şagird kimi də nümunəvi olub. Dərslərini yaxşı oxumaqla yanaşı, toxuculuq, tikiş dərnəklərinə gedib. Pianoda çalmağı bacarırdı, eyni zamanda gözəl rəsmlər çəkirdi. O ərəfələrdə onun rəsmlərindən ibarət sərgisi keçirilməli idi. O, əsgərlər zavodun yanında oturduğu avtobusda ürək nahiyəsindən güllə yarası alaraq yerindəcə həlak olub.
İlqar tanıyanların yaddaşında yaraşıqlı, sakit təbiətli, qayğıkeş uşaq kimi qaldı. O, poeziya vurğunuydu. Ən əsası isə xalqını, torpağını sevən bir yeniyetmə idi. Bir çox uşaqlar kimi hobbisi marka, maşın şəkilləri toplamaq olub. Məktəbi bitirdikdən sonra hərbiçi olmağı arzulayırdı. Arzuları yarımçıq qaldı. İlqara bir neçə atəş açaraq onu ölümcül yaraladılar. Xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmadı.
Mədinə Talıblı, Hüseyn Dadaşov, Ləman Əliyeva, Ələddin Həsənov və adlarını çəkmədiyimiz digər uşaqlar Bakıdakı Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin IX sinif şagirdləridir.
Düşmən gülləsinə tuş gələn növbəti məktəblimiz Nəriman Vəli oğlu Hüseynovdur. O, Bakıdakı 42 nömrəli tam orta məktəbin VIII sinif şagirdi idi. Vəli kişinin 15 yaşına çatdırdığı ilki Nəriman ailənin yeganə oğlu idi. 20 Yanvar günü atışma səsinə küçəyə çıxan Nəriman Salyan qazarmasının yanında avtomat gülləsi ilə yaralandı.
Bəli, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının hüzn və şərəf günüdür. Həmin gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. 20 Yanvar şəhidləri xalqımızın milli azadlığı, suverenliyi üçün yol açdılar. Həmin yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 15 yaşlı Nəriman, 16 yaşlı Vera da oldu. Bu şəhidlik təsdiq edir ki, hər bir Azərbaycanlının qəlbində Vətən sevgisi hər şeydən üstündür və bu sevgi yaşa baxmır.