Sumqayıt şəhər ictimaiyyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Tehsil.biz xəbər verir ki, saat 12:00-da şəhərdə bir dəqiqəlik sükut olub və şəhidlərin ruhu ehtiramla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında ucaldılmış “Qalib əsgər” abidəsini və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər.
Sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.
1990-cı ilin Yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.
Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlər işdən - Bakıya qayıdan zaman onların olduğu avtomobili əzərək, üstündən keçib. Hadisə nəticəsində hər üç alim amansızcasına qətlə yetirilib.