Azərbaycan Prezidenti İlham Əliyev Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə 2024-cü il sentyabrın 28-də Sərəncam imzalayıb.
“Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çox vacib sənəddir. Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün müalicəvi Naftalan nefti, onun tərkibi, tibdə istifadəsi və təmizlənmə texnologiyasına aid məlumatlar ciddi toplanmalı, təhlil edilməli və gələcək işlər üçün xüsusi proqramlar hazırlanmalıdır
TƏHSİL.BİZ mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun müsahibəsini təqdim edir.
- Vaqif müəllim, sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı Sərəncamın əhəmiyyəti nədən ibarətdir?
-Bu gün Azərbaycan bütün istiqamətlərdə inkişaf edir. Ölkəmiz tam suverenlik əldə edib. Bölgələrimiz turizm üçün olduqca cəlbedicidir.Təsadüfi deyil ki, ölkəmizə gələn turistlərin sayı hər il kəskin artır. Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar var. Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin dünya miqyasında daha yaxşı tanıdılması, onun əsasında dərman vasitələrinin, tibbi vasitələrin və kosmetik vasitələrin yaradılması, yeni müalicə üsullarının işlənib hazırlanması, vanna üsulu ilə istifadə edilmiş neftin əsasında yuxarıda qeyd olunan vasitələrin istehsalının təşkili də çox önəmlidir.
Qeyd olunan Sərəncamın müalicəvi Naftalan neftinin daha səmərəli istifadəsində olduqca böyük təsiri olacaq. Müalicəvi neft yenidən, ən müasir üsullarla tədqiq olunacaq, onun struktur-qrup tərkibi və fiziki-kimyəvi xassələri daha dəqiq tədqiq olunacaq, müasir təmizlənmə texnologiyası işlənib hazırlanacaq, eyni müalicəvi neftin vanna üsulu ilə istifadəsinin maksimum istifadə müddəti müəyyən ediləcək. Həmçinin Naftalan nefti əsasında tam zəhərsiz və konserogen komponentləri olmayan “Ağ Naftalan yağı” və onun əsasında vasitələr hazırlanacaq. Bundan əlavə, həmin vasitələr bir mənbədə hazırlanacaq, mikrobioloji və tibbi tədqiqatlar üçün elmi-tədqiqat mərkəzlərinə veriləcək, alınan nəticələr daha dəqiq olacaq.
- Bu neftin müalicəvi əhəmiyyəti nədən ibarətdir və sağlamlıq turizminin inkişafına hansı müsbət təsir göstərə bilər?
-Qeyd etmək istərdim ki, keçən əsrin 40-cı illərinə qədər Naftalan neftinin müalicəvi təsiri haqqında irəli sürülən müxtəlif nəzəriyyələrin heç biri müalicəvi təsirin nədən asılı olduğunu düzgün göstərə bilməyib. Bu sahədə əsaslı tədqiqatlar dahi alim, akademik Yusif Məmmədəliyev tərəfindən başlanıb və 1946-cı ildə o, müalicəvi neftin təsir mexanizmi haqqında mükəmməl nəzəriyyənin mahiyyətini keçmiş SSRİ-nin Elmlər Akademiyasının “Xəbərlər” jurnalında çap olunan məqaləsində verib. O, elmi əsaslarla sübut edib ki, Naftalan neftinin müalicəvi təsiri onun tərkibində olan xüsusi quruluşlu, qısa yan zəncirli, çox həlqəli naften karbohidrogenləri ilə bağlıdır.
Y.Məmmədəliyev bu neftin fiziki-kimyəvi xassələrinin, struktur-qrup tərkibinin fundamental tədqiqi ideyasını irəli sürüb və ömrünün sonuna qədər bu tədqiqatlara rəhbərlik edib. Naftalan neftinin bu istiqamətdə tədqiqi 1965-ci ilə qədər yalnız Y.Məmmədəliyevin adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ), 1965-1991-ci illərdə paralel olaraq akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda aparılıb, 1991-ci ildən əsasən NKPİ-də aparılır. Müalicəvi neftin struktur-qrup tərkibinin, fiziki-kimyəvi xassələrinin tədqiqi, təmizlənmə texnologiyasının işlənməsi sahəsində fundamental elmi tədqiqatlar akademiklər Yusif Məmmədəliyev, Əli Quliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvü Fəzilə Səmədova, professor Hacı Aşumovun ideyaları əsasında və rəhbərlikləri ilə aparılıb. Bu sahədə ilk fəlsəfə doktorluğu işi 1976-cı ildə NKPİ-də Ravil Babayev tərəfindən müdafiə olunub. 1979-cu ildə Əli Muradov Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdiyi elmi işi müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb.
-Hazırda rəhbərlik etdiyiniz elmi müəssisədə bu istiqamətdə hansı tədqiqatlar aparılır?
-Yuxarda qeyd etdiyim kimi, müalicəvi Naftalan neftinin tədqiqi sahəsində fundamental elmi tədqiqatlar ölkəmizin müstəqilliyi dövründə əsasən NKPİ-də aparılır və bu sahəyə mən rəhbərlik edirəm.
2003-2024-cü illərdə institumuzda aparılan tədqiqatlar əsasında bir çox dissertasiya işləri müdafiə olunub. Aparılan tədqiqatlar əsasında yaradılmış dərman vasitələri, tibbi vasitələri və kosmetik vasitələrə aid 6 patent alınıb. Müalicəvi Naftalan neftinə və onun əsasında NKPİ-də yaradılmış vasitələrə texniki şərtlər hazırlanıb və təsdiq olunub. NKPİ-də yaradılmış “Ağ Naftalan yağı” 2014-cü ildə dərman vasitəsi kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyata alınıb, hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tabe olan Təcrübə-Sənaye Zavodunda təcrübə-sənaye istehsalı təşkil olunub.
Qeyd etmək istərdim ki, institutumuzun 2 əməkdaşı Almaniyanın Münxen şəhərində müalicəvi Naftalan neftinin əsasında alınmış naften karbohidrogenləri fraksiyalarının struktur-qrup tərkibini və fiziki-kimyəvi xassələrini tədqiq ediblər. 2014-cü ildə dövlət sifarişi ilə müalicəvi Naftalan neftinə aid çəkilmiş sənədli filmin elmi məsləhətçisi olmuşam və bu film 2015-ci ildə Milanda dünya sərgisində təqdim olunub.
Hazırda müalicəvi Naftalan neftinin daha ekoloji təmiz təmizlənmə texnologiyasının və yüksək keyfiyyətli vasitələrin yaradılması sahəsində fundamental və tətbiqyönümlü tədqiqatlar davam edir.
Hesab edirəm ki, Sərəncamın icrası üçün təklif olunacaq iş proqramları əsasında müalicəvi Naftalan nefti dünya bazarlarına çıxa biləcək, rəqabətqabiliyyətli vasitələrin yaranmasına, kurort şəraitində müalicəvi neftin daha yüksək müalicəvi effektinə şərait yaradacaq.