Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Ohrid-Vodiçi - 2025: Kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində” XIII beynəlxalq elmi-praktik konfrans keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, konfrans azərbaycanlı arxeoloq alim, professor, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr edilib. Konfrans Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzi, Türkiyənin Adnan Menderes Universiteti, Macarıstanın Qabaqcıl Tədqiqatlar İnstitutu və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Albaniya, ABŞ, Birləşmiş Krallıq, Avstriya, Serbiya, Monteneqro, Gürcüstan, Macarıstan, Slovakiya, Çexiya, İsveçrə, Yunanıstan, Latviya, İtaliya, Sloveniya, Bolqarıstan, Rusiya, Braziliya, Yamayka, Kosova və digər ölkələrdən 80-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış edib.
Konfransın Elm və Təşkilat Komitəsinin sədri Rubin Zemon yerli, regional və qlobal münaqişələr və ittifaqlar kontekstində kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər mövzusunda danışıb. Professor bildirib ki, Qafar Cəbiyev Ohrid Vodiçi konfransına dəstəyi ilə hər zaman seçilib.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Professor Qafar Cəbiyev: tərcümeyi-halı və elmi nailiyyətləri” mövzusunda geniş məruzə edib.
Sonra Qafar Cəbiyev “Makedoniyalı İsgəndəri Azərbaycanla birləşdirən tarixi yaddaşa dair bəzi etüdlər” mövzusunda konfransın fəxri məruzəsini edib. O, Makedoniyalı İsgəndərin Azərbaycan dövlətlərinin yaranmasına təsirindən, ellin mədəniyyətinin ölkəmizdə yayılmasından, Albaniyanın təqlid sikkələrindən, Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından danışıb. Məruzənin sonunda Azərbaycandan gətirdiyi “İsgəndərnamə” poemasını Ohrid bələdiyyəsinin sədr müavini Ana Krstevkaya hədiyyə edərək bu kitabın makedon dilində yayımlanacağına inandığını bildirib.
Konfransın bölmə iclaslarında mədəni irs, iqtisadiyyat, turizm, media, kollektiv yaddaş, yaddaş siyasəti, müasir kimliklər, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularda məruzələr dinlənilib. Tədbirdə “Bakıda Bayırşəhər anlayışı və hamam mədəniyyəti (Zərgərpalan hamamı arxeoloji tədqiqatları əsasında), “Azərbaycanda Şəki rayonu Babaratma kənd qəbiristanlığında iki qəbirin öyrənilməsində kollektiv yaddaşın elementləri” mövzularında məruzələr dinlənilib.
Tədbir çərçivəsində türk incəsənəti qarışıq sərgisi və kaşı ustası Həvva Fıratın kaşı və çini işlərindən ibarət fərdi sərgisi keçirilib. Həvva Fırat professor Qafar Cəbiyevə İznik çini nümunələri əsasında hazırladığı çini əsərini hədiyyə edib.
Tədbir çərçivəsində qonaqlar UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Ohrid şəhəri və onun tarix-mədəniyyət abidələri, Ohrid gölündə həyata keçirilən Epifaniya mərasimi ilə yaxından tanış olublar.