Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq, kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbulu müsabiqəsi üçün test imtahanı keçirilib.
Naxçıvan Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, test imtahanında 3-20 dekabr 2024-cü il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizəddən 77-si iştirak edib.
Müsabiqədə hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün, dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunub, sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Bildirilib ki, müsabiqəyə muxtar respublikanın ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə isə 25 vakant vəzifə çıxarılıb.
Müsabiqənin nəticələri ilə bağlı məlumat Nazirliyin sosial şəbəkə hesablarında elan olunacaq.