Logo

“Magistraturaya olan ümidlər özünü lazımınca doğrultmur…”

31.01.2025 16:33 64 baxış
IMG

“Ya ali təhsilin pillələrinə yanaşma tərzimiz dəyişməlidir, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpilləli sistemə keçilməlidir.”

Bunu TƏHSİL.BİZ -ə açıqlama verən tanınmış təhsil eksperti Nadir İsrafilov bildirib. 

N.İsrafilov bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydğı məlumata əsasən 19 yanvar 2025-ci il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul imtahanı modelinə uyğun sınaq imtahanının yekun nəticələrini elan edib. Xatırladaq ki, sınaq imtahanı elektron formada keçirilib və iştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri ilə imtahan günü tanış olmaq imkanına malik olublar. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub.


 

Məlum olduğu kimi, təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdiriimişdir. Bununla belə, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli , təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.

O da heç kəsə gizli deyil ki, son onilliklərdə gənclərin elmə marağının azalması birmənalıdır. Bu hal özünü açıq və aydın şəkildə büruzə verir. Bu gün  fundamental elmlə məşğul olanların böyük əksəriyyətini, məhz yaşlı nəslin nümayəndələri təşkil edir. Gənclərin mütləq əksəriyyəti özünü elmdə görmür. Onlar daha çox özəl sahəyə meyil göstərirlər. Gənclərin elmə marağanın azalmasının ən başlıca səbəblərindən biri, bu sahədə əməkhaqqının elə də yüksək olmaması ilə bağlıdır və əkəriyyət tərəfindən bu sosial təminatla izah olunur. Bir gənc haradasa başqa bir sahədə işləyərək daha çox əmək haqqı ala bilər. Gənclərin elmə həvəsi və marağının əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmasını zaman-zaman bir çox rəsmilər də etiraf edib.

Ali təhsildə maqistratura pilləsinin tətbiqi bilavasitə Boloniya sistemi ilə əlaqədardır. Təşəkkül tarixi ötən əsrin sonlarına təsadüf edən Bolonya prosesi Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutur. Ölkəmiz bu prosesə 2005-ci il mayın 19-da qoşulub. Hər bir yeniliyin tətbiqində olduğu kimi, Bolonya prosesinə qoşulanda da ölkəmizdə ilk vaxtlar bunu təqdir edənlər və məqbul saymayanlar da var idi. Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən də ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya prosesi və Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədi ilə ölkə başçısı tərəfindən 31 yanvar 2008-ci il tarixində "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa  ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalanıb.

2009-cu ildə qəbul olunmuş Təhsil haqqında Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.) Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib.

 Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”  İndi gəlin görək, bəhs etdiyimiz qaydalar hansı səviyyədə, dərəcədə müəyyən edilib və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Gəncləri maqistraturaya cəlb etmək üçün hətta Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb, plan yerlərinin artırılmasına cəhdlər edilib,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər aparılıb, magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsi təmin edir.

Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət etməli idi. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılırdı. Lakin, gözləntilər özünü lazımınca doğrultmadı. Bir çox ölkələr iki pilləli – bakalavriat və maqistratura pllələrindən imtina edərək, əlavə 2 ilə ehtiyac görmür, əvvəlki qaydada təkpilləli 5 illik təhsi sisteminə keçmək barədə düşünürlər. Son zamanlar hətta nəinki, maqistratura, hətta bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi, ali təhsilin bakalavr pilləsi ləğv edilməsi, artıq iki yeni təhsil səviyyəsi tətbiq olunacağı - əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il) baradə fikirlər səsləndirilir.
 

Bu mənada biz də ya ali təhsilin pıllələrinə yanaşma tərzimizi dəyişməli, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpılləli sistemə keçilməliyik. Bu və ya digər sistemlərin nə qədər uğurlu və ya uğursuz olacağını zaman göstərəcək. Amma dünyada ali təhsil təkcə Bolonya sistemi üzərində qurulmayıb və fərqli sistemlər var…


 

Xəbər lenti