Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollec və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan konsert proqramı keçirilib.
Tehsil.biz xəbər verir ki, qonaqlar əvvəlcə Humanitar Kollecin xalçaçı və rəssam tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Kollecin akt zalında keçirilən bayram tədbiri Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunub, bu günün təsisçisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Humanitar Kollecin direktoru dosent Nərmin Qaralova əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Direktor Gənclər Günü barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verərək vurğulayıb ki, bu gün hər sahədə gənclərə göstərilən qayğı, diqqət göz önündədir: “Biz bunu təhsil müəssisəsi olaraq hər zaman hiss edirik. Ümid edirəm, gənclər onlara yaradılan bu şəraitdən səmərəli istifadə edərlər. Bilirsiniz ki, gənclik insan həyatının ən xüsusi, fərqli bir dövrüdür. Bu dövrdə insan öyrənir, daim inkişaf edir, dünyanı dərk etməyə, özünü tapmağa, mənəvi dəyərlərini, gələcəyini formalaşdırmağa çalışır. Ona görə də bu günlərin dəyərini bilmək lazımdır. Qürur hissi ilə qeyd etməliyəm ki, bu gün Humanitar Kollecin tələbələri müxtəlif tədbirlərdə fəal iştirak etməklə mühüm proseslərdə rol oynayır, ölkəmizi xaricdə də layiqincə təmsil etməyə çalışırlar”.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında deyib: “Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürüdür ki, fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri günü elan olunub və 1997-ci ildən etibarən hər il gənclərimiz bu günü qeyd edirlər. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilib".
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədrinin müavini Sevinc Abdullayeva ölkədə gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Natiqlər gənclərin Azərbaycanın gələcəyi kimi dəyərləndirildiklərini, azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə alan bu nəslin dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə etdiklərini xüsusi vurğulayıblar. Bildiriblər ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə əldə olunan tarixi Zəfərimiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi vətənimizi qorumağa və bu yolda can verməyə daim hazırdır.
Konsert proqramında ADMİU nəzdində Humanitar Kollecin musiqiçilərdən ibarət müəllim və tələbə heyətinin ifasında “Məhəbbət”, “Alma atdım nar gəldi”, “You are the reason”, "Flamenko”, “Doğma diyar", “Göygöl”, “Həyat sevgisi”, “Bulaq suyu, dağ havası”, "Ritm kompozisiyası", "Şirvan müxəmməsi – Bəhri divani" və "Həyat sevgisi" kimi yerli və xarici bəstəkarların əsərləri səslənib.