Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) son bir ildə dünyanı cənginə almış “COVİD-19” pandemiyası səbəbindən onlayn dərslərdə nisbətən çətinlik çəkən, əsasən, şəhid, qazi ailələri və aztəminatlı ailələrin övladları olan şagird və abituriyentlərimizə dərslərində əlavə könüllü dəstək olmaq, fədakar Azərbaycan müəlliminə tələbə dəstəyi vermək imkanı yaratmışdır.
Təşkilatın könüllüləri, tələbələr Aslan Heybətov və Bəylər Əliyevin təşəbbüsü, təşkilatın idarə heyətinin üzvləri İsmayıl Məmmədov və Jalə Əliyevanın koordinatorluğu ilə həyata keçirilən layihə çərçivəsində 2021-ci ilin fevral-mart ayları ərzində könüllü tələbələr içərisindən elektron müraciət və videomüsahibə vasitəsi ilə seçimlər aparılmış, layihəyə 32 tələbə könüllü müəllimlər kimi cəlb edilmişdir. İkinci mərhələdə bütün ölkə üzrə elektron müraciət qaydasında aprel ayının birinci yarısında şagird qəbulu aparılmışdır. Olduqca böyük maraq cəlb edən layihəyə 200-dək müraciət daxil olmuşdur ki, onlar içərisindən dəstəyə ehtiyacı olan 120 nəfərədək şagird layihəyə qəbul edilmişdir.
Aprelin 21-dən etibarən “Microsoft Teams” platformasında praktik olaraq start götürən dərslər tədris ilinin sonunadək iki ay ərzində xüsusi cədvəl əsasında II-IX siniflər üzrə ümumiləşdirmə, izah və mənimsətmə xarakteri daşıyaraq siniflər üzrə il ərzində keçirilən bütün məzmunu əhatə edir.
Layihənin maraqlı detalları və bəzi statistik göstəricilərini təqdim edirik.
Belə ki, çoxsaylı müraciətlər içərisindən ciddi videomüsahibə əsasında müvafiq kompetensiyaları qiymətləndirilərək layihədə dərs demək hüququ qazan 32 tələbə-müəllim hazırda onlayn dərsləri 17 fərqli rayon və şəhərdən qoşulmaqla tədris edirlər (Bakı, Sumqayıt, Abşeron, Bərdə, Şəmkir, Şirvan, Biləsuvar, Qobustan, Salyan, Quba, Ordubad, Beyləqan, Naftalan, Ağstafa, Füzuli, Şamaxı, Tovuz).
Dərslərdən yararlanan 120-dək şagird 23 fərqli rayon və şəhərdən dərslərə qatılır (Bakı, Sumqayıt, Ağdam, Qəbələ, Xaçmaz, Tərtər, Quba, Oğuz, Xızı, Sabirabad, Şamaxı, Gəncə, Ağsu, Naftalan, Cəlilabad, Bərdə, Masallı, Qubadlı, Abşeron, Qobustan, Samux, Beylaqan, Yardımlı).
Layihə çərçivəsində II, III və IV siniflərin hər birində 6, V sinifdə 8, VI sinifdə 9, VII sinifdə 11, VIII və IX siniflərin hər birində isə 10 fənn olmaqla ümumilikdə 8 sinif üzrə 66 fəndən şagirdlərin hazırlıq səviyyəsinin artırılmasına dəstək verilir.
İlk həftənin nəticələrinin təhlili layihənin uğurlu başlanğıcı haqqında fikir deməyə əsas verir. Bununla belə, universitetin və ADPU TKİB-in nümayəndələrindən ibarət təşkilat komitəsi mütəmadi olaraq prosesə nəzarət edir, müəllimlərlə müntəzəm onlayn görüşlər keçirilir.