Logo

“Qadınlar üçün kosmos” mentorluq proqramına qeydiyyat başlayıb

13.02.2025 09:09 40 baxış
IMG

“Azərkosmos” ikinci dəfədir ki, “Qadınlar üçün kosmos” adlı üçaylıq mentorluq proqramını elan edir.

TƏHSİL.BİZ Azərbaycan Kosmik Agentliyinə (“Azərkosmos”) istinadən xəbər verir ki, proqramın məqsədi Azərbaycanda qadınların kosmos sahəsindəki potensialını aşkar etmək, onlara təhsil və karyera yolunda fərdi mentorluq dəstəyi göstərmək, həmçinin onların bu sahədə qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdir.

Dünyada kosmik sahədə çalışan qadınların sayı hər il artır. Hazırda qadınların kosmik sənayedəki payı 20 faiz təşkil edir, lakin bu, təkcə başlanğıcdır. Qadınların kosmik sektorda daha geniş təmsil olunmasını təşviq etmək üçün bir çox təşkilat və şirkətlər müxtəlif təşəbbüslər və proqramlar həyata keçirir. NASA, ESA (Avropa Kosmik Agentliyi), SpaceX və digər böyük kosmik təşkilatlarda qadınlar mühəndislik, tədqiqat, rəhbərlik və digər vacib mövqelərdə fəaliyyət göstərirlər.

“Azərkosmos” tərəfindən keçiriləcək üçaylıq Mentorluq proqramı aprel-iyun aylarını əhatə edəcək və iştirakçılara beynəlxalq kosmik sahənin tanınmış mütəxəssisləri ilə bilik mübadiləsi aparmaq imkanı təqdim edəcək. Proqrama 18-35 yaş arası qadınlar qoşula bilər. Müraciətlər martın 11-dək qəbul olunur. Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz. 

Qeyd edək ki, proqramın elan olunması BMT-nin Kosmos Məsələləri üzrə İdarəsi (UNOOSA) tərəfindən “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün 10-cu ildönümü münasibətilə keçirilən tədbirə təsadüf edir.

Proqrama müraciət edənlər arasında keçiriləcək ilkin seçimlər nəticəsində 10 iştirakçı tanınmış beynəlxalq mentorlarla birbaşa əlaqə quracaq və aylıq görüşlərdə iştirak edəcəklər. Həmçinin bu mentorluq sessiyaları kosmik sənayenin müxtəlif sahələrindən olan ekspertlərin aylıq seminarları ilə zənginləşdiriləcək.

 


 

Xəbər lenti