Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) müəllimləri bu semestr ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professor-müəllim heyəti ilə birgə praktiki və seminar dərslərə qatılacaq, sonda ən yaxşı nəticə əldə edən müəllimlərin adları ADPU-nun kadr bankına daxil ediləcək.
Bunu TƏHSİL.BİZ -ə ADPK-nın direktoru İsrayıl İsgəndərov deyib.
Onun sözlərinə görə, bu layihə 2024-2025-ci tədris ilinin ikinci yarımili ərzində fərdi müəllim mobilliyinə əsaslanan mentorluq proqramı çərçivəsində reallaşdırılacaq. Müəllimlər ADPU-dakı dərslərdə müəllim assistenti kimi iştirak edəcəklər.
İ.İsgəndərovun sözlərinə görə, proqramın əsas məqsədi müəllimlərin peşəkar inkişafını dəstəkləmək, onların tədris bacarıqlarını artırmaq, təcrübəli və gənc müəllimlər arasında məlumat və təcrübə mübadiləsini təmin etməkdir:
“Proqramın sonunda effektivliyi ölçmək məqsədi ilə mentor və menti (mentordan məsləhət alan şəxs) bir-birini qiymətləndirəcək və ən yaxşı nəticə əldə edən müəllimlər ADPU-nun kadr bankına daxil olmaq şansı qazanacaqlar”.
Direktor bunu da əlavə edib ki, pedaqoji heyətin bacarıqlarının mövcud keyfiyyət tələblərinə tam uyğunlaşdırılması məqsədilə bir sıra proqramlar həyata keçiriləcək: “Bu məqsədlər arasında müəllimlərimizin rəqəmsal və yumşaq bacarıqlarının inkişafı, eləcə də müəllimlərin tələbələrlə birgə SCOPUS indeksli jurnallarda məqalə dərc etdirmələri nəzərdə tutulur. Bununla bağlı müəllimlərə təlimlər keçiriləcək. Bunun üçün layihələr də hazırlanıb”.