Logo

“XXI əsr bacarıqları”na qeydiyyat başladı

17.02.2025 09:57 153 baxış
IMG

Azərbaycan təhsil aləmində yenilikçi layihə olan “XXI əsr bacarıqları” adlı məktəblilərarası olimpiadada iştirak üçün qeydiyyat başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, artıq dördüncü dəfə təşkil ediləcək olimpiadada Azərbaycan və rus bölməsi üzrə təhsil alan V-VIII sinif şagirdləri iştirak edə bilər.

2 kateqoriya üzrə (V-VI və VII-VIII sinif şagirdləri arasında olmaqla) təşkil edilən olimpiadada şagirdlər üç nəfərdən ibarət olan komandalar şəklində iştirak edir.

Qeyd edək ki, olimpiada özünəməxsus xüsusiyyətləri və orijinallığı ilə seçilir. 

Birinci fərqlilik ondan ibarətdir ki, şagirdlər olimpiadada tək yox, üç nəfərdən ibarət komandalar halında iştirak edirlər. İlk mərhələdə fərdi olaraq əldə edilən xallar toplanaraq ümumi komanda xalını formalaşdırır və ən yüksək xal toplayan komandalar ikinci mərhələyə dəvət olunur. Artıq final mərhələsində komanda üzvləri birlikdə canlı şəkildə təqdim olunan sualları cavablandırır.

İkinci fərqlilik və yenilik ondan ibarətdir ki, bu olimpiadada iştirak edən şagirdlər məktəbdə öyrəndikləri nəzəri biliklər əsasında yox, bilikləri tətbiq edəbilmə, tənqidi düşünmə, kreativlik və digər oxşar bacarıqları üzrə qiymətləndirilir. Final mərhələsində şagirdlərin əzmklarlığı, komandada işləmək və ünsiyyət kimi bacarıqları da nəticələrə təsir edir.

Olimpiadanın seçim və final mərhələlərinin may ayında keçirilməsi nəzərdə tutulur.

Qeydiyyat üçün tələsin!

Olimpiada haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://21century.edu.az/olimp/

Bundan əlavə XXI Əsr bacarıqları haqqında ümumi məlumat əldə etmək üçün olimpiadanın təşkilatçısı olan XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin veb saytına keçid edə bilərsiniz: https://21century.edu.az/az/about/21ciesrbacariqlari

Bütün iştirakçılara öncədən müvəffəqiyyət arzulayırıq!

Xəbər lenti