Ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Nizami yaradıcılığına həsr olunmuş rus dili və ədəbiyyat üzrə onlayn olimpiadanın II mərhələsi keçiriləcək.
Müsabiqənin ilk mərhələsində ən yüksək bal toplayan 850-yə yaxın şagird II mərhələdə “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının timsalında multikulturalizm dəyərləri” mövzusunda 3 dəqiqəlik videogörüntü formatında esse hazırlayacaqlar.
Təqdim olunan esselər müəllifin mövqeyini əks etdirməsi, mövzuya uyğunluğu, bütövlüyü, ardıcıllığı, nitqin tutarlılığı və ifadəli olması meyarları üzrə qiymətləndiriləcək.
Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.