Martın 13-də Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndislik problemlərinin həllində menecment və idarəetmə” (MaCoSEP- 2025) mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib. Bildirilib ki, konfrans BMU, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu ilə yanaşı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE), Türkiyənin Ege, Macarıstanın Debrecen universitetləri, Ukraynanın Kibernetika İnstitutunun təşkilatçılığı ilə keçirilir.
Konfransda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Tədbiri açan BMU-nun rektoru Yaqub Piriyev Türkiyə, Ukrayna, Qazaxıstan, Azərbaycan, Macarıstan, Polşa, Gürcüstan və digər ölkələrdən nüfuzlu alimlərin qatıldığı tədbirin təkcə mühəndislik sahəsində qazanılan nailiyyətlərin paylaşılması deyil, həm də ölkələrarası əlaqələrin möhkəmləndirilməsində mühüm bir platforma, gələcək əməkdaşlıqlar üçün körpü olduğunu bildirib. Azərbaycan təhsili və elminin əsas vəzifələrindən danışan rektor qloballaşan dünyanın müasir çağırışları, ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurətinin Azərbaycan elmi qarşısında yeni tələblər qoyduğunu deyib və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı dövlət proqramlarını diqqətə çatdırıb.
Rektor elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələrin bir araya gəldiyi konfransa yerli, eləcə də 17 xarici ölkə alimləri tərəfindən ümumilikdə 321 məqalənin təqdim olunduğunu və onlardan 180-nin qəbul edildiyini söyləyib. Eyni zamanda, qida sənayesinin problemlərindən tutmuş süni intellektin və mühəndisliyin ən geniş problemlərinə dair ətraflı müzakirələrin konfransın işinə böyük töhfələr verəcəyini vurğulayıb.
Sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov konfransın mühəndisliyin aparıcı sahələrinin problemlərinin araşdırılması baxımından önəmini diqqətə çatdırıb, elmi məruzələrin gələcək tədqiqatlar üçün baza rolunu oynayacağını qeyd ediblər.
Plenar sessiyada Səudiyyə Ərəbistanı KAPSARC tədqiqat mərkəzinin professoru Fateh Belaid, Avstriya İohann Kepler Universitetinin professoru İohann Reixl məruzələrlə çıxış ediblər.
Konfransın ikinci günündə Estoniyanın Tartu Universitetinin professoru Sedat Akleylek, İtaliyanın Palermo Universitetinin professoru Calogero Vetro və Hindistanın Rajagiri Texnologiya Məktəbinin professoru Sanni Josef Kalayathankalanın məruzələri dinləniləcək.
Martın 15-də başa çatacaq konfransın materialları “Scopus” və “Web of Science”ə daxil olan ABŞ Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun bazasında indeksləşəcək.