Logo

“Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti” - seminar

17.03.2025 10:57 70 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində “Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti” mövzusunda elmi seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Mənbəşünaslıq, tarixşünasliq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Aydın Məmmədov mövzu ilə bağlı məruzə edib. O bildirib ki, tarixi hadisələrə dəqiq elmlərin metodologiyası baxımından yanaşılması zəruridir. “Elmlərin şahı” adlandırılan riyaziyyatın digər elmlərin öyrənilməsində böyük rolu var. Müasir tarix elmində riyaziyyat mürəkkəb problemlərin çoxunu həll etmək üçün optimal vasitələrdən biridir. Hərtərəfli riyazi təfəkkür tərzi nəinki mürəkkəb hesablamalar aparmaqda, həm də sosial-iqtisadi və siyasi-ictimai problemlərə çevik və rasional yanaşmada misilsiz rol oynayır. Tarix elminin demək olar ki, bütün sahələrində ən müxtəlif mövzuların, ayrı-ayrı tarixi obyektlərin tədqiqi zamanı riyazi metodlardan istifadə olunur. İstər tarix fənninin tədris prosesi, istərsə də ictimai və humanitar elmlərə dair tədqiqatlar zamanı riyazi metodları tətbiq etmək bacarığına yiyələnmək müasir dövrün tələblərindən irəli gəlir. Riyaziyyat humanitar elmlərdə rəqəmlər informasiya daşıyıcısı kimi çıxış edir, bu zaman ənənəvi kəmiyyət metodlarından istifadə olunur. Beləliklə, tarixi məlumatların riyaziləşdirilməsi həmin kəmiyyət göstəricilərinin ictimai proseslərə, cəmiyyət həyatına hansı formada, necə təsir etdiyini araşdırmaq kimi geniş miqyaslı fenomen kimi dəyərləndirilməlidir.

Xəbər lenti