Bu cür davam etsə, Donald Tramp ABŞ tarixinə “inqilabçı prezident” kimi düşəcək. Vəzifəsinin icrasına başladığı iki ayda silsilə inqilabi dəyişikliklərə imza atan Tramp indi də Təhsil Nazirliyini ləğv edən sərəncam imzalamağa hazırdır.
Amerika mediasının yaydığı xəbərə görə, martın 3-də Təhsil departamentinin rəhbəri kimi vəzifəsinin icrasına başlayan Linda Makmahon başçıılıq etdiyi strukturu tez bir zamanda ləğv etmək əmri alıb. Ağ Evin rəhbəri təhsil məsələlərinin federal vəsaiti olmayan ştatlar tərəfindən həll olunmasını istəyir. Bununla belə, bilgili mənbələr qeyd edirlər ki, prezidentin motivləri təkcə dövlət xərclərini azaltmaq istəyi deyil, həm də solçu qüvvələrdən və etirazçı tələbələlərdan qisas almaqdan ibarət ola bilər.
Müşahidəçilərin bu qənaətə gəlməsinin əsas səbəbi Trampın qisasçı kimliyidir. O, özündən əvvəlki 44 prezidentdən fərqli olaraq son illərdəki sələflərini yamanlamaqdan, onlarla intriqaya girməkdən çəkinmir və hər fürsətdə qaralarınca söylənir.
Ancaq ABŞ prezidentinin təhsil islahatları ilə bağlı yeni kurs götürmək istədiyi, yeni planlar düzənlədiyi daha aydın görünür.
Hələ bu ayın əvvəlində onun təhsil sistemindən uzaq bir şəxsi nəyə görə təhsil sferasının başına gətirməsi müəmmalı idi. İndi məlum olur ki, World Wrestling Entertainment-in 76 yaşlı qurucusu və iş qadını Makmahon Təhsil departamentini ləğv etmək üçün irəli çəkilib.
Lakin onu da qeyd edək ki, Tramp çoxdan bu strukturu ləğv edəcəyinə söz vermişdi. O, hesab edir ki, sol təmayüllü qeyr-məhsuldar qüvvələr Təhsil nazirliyinə soxulub. Seçilmiş prezidentlə təhsil işçiləri və tələbələrin qarşıdurmasının ən parlaq epizodlarından biri Qəzzada hərbi əməliyyatlara etirazlar olub. Tramp etirazçılara və “anti-İsrail” ovqatlı tələbələri müdafiə edən müəllimlərə qarşı kəskin çıxış edib və indi təhsil strukturlarına maliyyə zərbəsi endirir.
Xatırladaq ki, etirazların araşdırılması zamanı ABŞ-nin BMT-dəki hazırkı daimi nümayəndəsi Elise Stefanik sözün əsl mənasında universitet rəhbərlərinin yanından keçərək onları antisemitizmə göz yummaqda ittiham edib. Onun iynəli suallarından sonra Harvard Universitetinin prezidenti Klaudin Qay tezliklə istefa verib. Çünki Qay “döyüşkən” Stefanikin iradlarının əsas hədəfi olmuşdu.
Makmahonun təyinatından bir gün sonra (51 senator onu təsdiqləyib, 45 parlamentari isə onun təyinatına qarşı çıxıb) Tramp bildirib ki, icazəsiz etirazlara icazə verən təhsil müəssisələrinin maliyyəsi ləğv edilməlidir.
“Bütün federal maliyyə qeyri-qanuni etirazlara icazə verən hər hansı kollec, məktəb və ya universitetdən çıxarılacaq. Təhrik edənlər həbsə atılacaq və ya gəldikləri ölkəyə göndəriləcəklər. Amerikalı tələbələr həmişəlik qovulacaq və ya cinayətdən asılı olaraq həbs olunacaqlar. Maska taxmaq qadağan olunacaq”, - deyə o, sosial şəbəkələrdə yazıb.
Budur, prezident etirazçı tələbələrə qarşı tədbir görür, problem birdəfəlik həll etmək istəyir. Onun bu niyyətinə yalnız məhkəmələr mane ola bilər. Ölkə mediası ləğvetmə prosedurunun rahat keçəcəyinə şübhə edir. İstənilən halda, Ağ Evin rəhbəri Konqresin dəstəyini almalıdır. “Assoşieyted Press” agentliyi qeyd edir ki, 1979-cu ildə Təhsil departamentini ABŞ parlamenti yaradıb.
Əsas sual qrantların, tələbə kreditlərinin və təhsil müəssisələrinə dəstəyin taleyi ilə bağlıdır. Sonuncuların cəmi 14%-i dövlət tərəfindən maliyyələşdirilir.
Bununla belə, Vaşinqton aztəminatlı məktəblərə və həssas tələbələrə, xüsusən də evsizlərə kömək məsələsində əhəmiyyətli rol oynayır. Dövlətin tələbələrin maliyyə borcunu nə qədər ödəyəcəyi sual olaraq qalır. Xatırladaq ki, ABŞ-da tələbələrin təhsili üçün kredit götürməsi geniş yayılmış hadisədir. Hazırda tələbə borcu təxminən 1,6 milyard dollar təşkil edir.
Makmahon vəzifəsinin icrasına başladıqdan sonra nazirliyin fəaliyyətinin ən mühüm sahələrinin unudulmayacağına söz verib. Ancaq son qərarı, əlbəttə ki, o yox, ölkə prezidenti verir.
Nazirlik haqqında və ona ehtiyac olub-olmaması ilə bağlı müzakirələr, demək olar ki, yarandığı gündən davam edir. Bir çox respublikaçı əmindir ki, departament sadəcə olaraq solçu gündəmi həyata keçirir və vergi ödəyicilərinin pullarını buna sərf edir. Valideynlər isə təhsildə daha çox gücə malik olduqlarına inanırlar.
Tramp onların istəklərini təmin etməyə hazırdır. O, təhsili ştatların ixtiyarına buraxacağına söz verir. O, federal departamentin “bir dəstə radikal, fanatik və marksistlər”dən ibarət olduğunu deyib.
Lakin prezident partiya yoldaşlarının müqaviməti ilə üzləşə bilər. Nümayəndələr Palatasında 2023-cü ildə keçirilən səsvermədə 60 respublikaçı departamentin ləğvi ideyasını dəstəkləməyib. İndi Tramp ya partiya üzvlərinə “əyilməli”, ya da məktəbliləri və tələbələri dəstəkləmək üçün ən mühüm təşəbbüsləri qoruyub saxlamalı olacaq.
Təhsil departamentinin illik büdcəsi 79 milyard dollardır. Fevralın 6-dək işdən çıxmaq və 7 aylıq əməkhaqqı məbləğində təzminat almaq barədə səs-küylü təklif alanlar arasında Təhsil departamentinin əməkdaşları da var.
Tamamilə mümkündür ki, Tramp federal bürokratiyanın istefaları ilə məhdudlaşsın, vacib maliyyə proqramlarına toxunmasın. Lakin onun saı-solu bəlli olmadığından qəti söz demək mümkün deyil.
Araz Altaylı, Musavat.com