Logo

Təhsil nazirliyinin ləğvi...

22.03.2025 20:08 58 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın Təhsil Nazirliyini ləğv etməsi təhsil sistemində geniş rezonans doğurub. Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu qərar ölkədə təhsil idarəçiliyində ciddi dəyişikliklərə səbəb olacaq və federal hökumətin təhsil üzərində nəzarətini zəiflədəcək.

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, nazirliyin ləğvi təhsildə bərabərsizliklərin artmasına gətirib çıxara bilər. Çünki federal səviyyədə koordinasiya olmadıqda, ştatlar arasında təhsil keyfiyyəti fərqlənəcək və aztəminatlı ailələrin övladları daha çox çətinliklərlə üzləşəcək. O qeyd edir ki, Təhsil Nazirliyi indiyədək aşağı gəlirli ailələrin övladlarına təhsil imkanı yaradan proqramları maliyyələşdirirdi və bu qurumun olmaması həmin proqramların gələcəyini sual altına qoyur.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu qərar universitetlər üçün də müəyyən çətinliklər yarada bilər. Xüsusilə tələbə kreditlərinin idarəçiliyində dəyişikliklərin olması gənclərin ali təhsilə əlçatanlığını azalda bilər. Tələbələrin maliyyə yükünün artması, xüsusilə aztəminatlı tələbələr üçün ali təhsil almağı çətinləşdirə bilər.

Kamran Əsədov qeyd edir ki, Təhsil Nazirliyinin ləğvi müəllimlərin peşəkar inkişafı ilə bağlı proqramlara da təsir göstərəcək. Çünki bu günə qədər müəllimlərin ixtisasartırma və inkişaf proqramları federal maliyyələşdirmə ilə təmin olunurdu. Nazirlik ləğv edildikdən sonra bu proqramların aqibəti qeyri-müəyyən olaraq qalır.

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, ümumiyyətlə, belə bir addımın atılması təhsil siyasətində yeni bir mərhələnin başlanğıcıdır. Ancaq bunun müsbət və ya mənfi nəticələrinin nə qədər geniş yayılacağını zaman göstərəcək. O, əlavə edir ki, təhsilin dövlətin nəzarətindən çıxarılması və tamamilə yerli hakimiyyət orqanlarının ixtiyarına verilməsi təhsilin keyfiyyətini daha da aşağı sala bilər. ABŞ-da təhsil uzun illərdir dövlət və federal maliyyələşdirmə ilə idarə olunurdu və bu sistemdə kəskin dəyişikliklərin edilməsi müxtəlif problemlərin yaranmasına gətirib çıxara bilər.

Kamran Əsədov bildirir ki, belə bir addımın təhsildə yeni strategiyalar tələb etdiyini və bu məsələnin dərin araşdırmaya ehtiyacı olduğunu düşünür. O, vurğulayır ki, təhsil sistemində bu cür fundamental dəyişikliklər zamanı uzunmüddətli planlama və müvafiq alternativlərin hazırlanması vacibdir. Əks halda, belə bir qərarın nəticələri ölkənin təhsil səviyyəsinə ciddi mənfi təsir göstərə bilər.

Xəbər lenti