Tarixdəki olaylar
22 mart 1752 – Gürcü çarları və Azərbaycan xanlıqlarının gizli ittifaqı – “Qızılqaya xəyanəti” baş verib. Kartli hakimi Teymuraz və onun oğlu Kaxeti hakimi II İrakli Şəki xanlığına qarşı ittifaq qurmaq üçün Qarabağ, Naxçıvan, İrəvan və Gəncə xanlarını, Borçalı və Qazax sultanlarını Qızılqaya görüşünə (Gəncə yaxınlığında) dəvət edərək sonradan onları əsir götürüblər. Azərbaycan xanlarını əsirlikdən Şəki hakimi Hacı Çələbi xan xilas edib. O, gürcü qoşunlarını məğlub edərək Qazax və Borçalını Şəki xanlığına birləşdirib.
22 mart 1945 – Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası yaradılıb. Təsis konfransında 7 dövlət (Misir, İraq, Suriya, Livan, Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən) iştirak edirdi. Sonrakı illərdə digər ərəb dövlətləri də təşkilata qoşuldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 mart 1394 – Özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymuryun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.
22 mart 1899 – Azərbaycanın görkəmli dramaturqu, yazıçı, şair Cəfər Qafar oğlu Cabbarlı (1899 – 31.12.1934) Xızı kəndində doğulub. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub. Şeir və hekayələrin, tərcümələrin, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz” filmləri) müəllifidir.
22 mart 1900 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 – 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. “Şamo”, “Saçlı”, “Mehman”, “Qafqaz qartalı”, “Ağbulaq dağlarında” və s. əsərlərin müəllifidir.
22 mart 1909 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Mehdi Əli oğlu Hüseyn (1909 – 10.3.1965) Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub. “Səhər”, “Abşeron”, “Qara daşlar” (romanlar), “Alov” (pyes) və s. əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.
22 mart 1913 – Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (1913 – 3.11.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. Filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.
22 mart 1914 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (1914 – 9.12.1973) Şəkidə doğulub. Musiqili Komediya Teatrında çalışıb, “Arşın mal alan” (1945), “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
22 mart 1915 – Xalq rəssamı Baba Balababa oğlu Əliyev (1915 – 27.3.1991) Bakının Zirə qəsəbəsində anadan olub. Məşhur əsərləri: “Mədəndə”, “Neftçilərin istirahəti”, “Tankçıların istirahəti” və s.
22 mart 1917 – Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 – 18.3.1980) Dərbənddə doğulub. Şəki Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
22 mart 1919 – Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 – 26.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam” romanlarının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
22 mart 1919 – Tanınmış kinooperator Xan Yusif oğlu Babayev (1919 – 2.9.1967) anadan olub. Çəkdiyi filmlər: “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və s.
22 mart 1925 – Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 – 6.6.2004) Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
22 mart 1931 – Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov; 1931 – 30.6.1969) Göyçayda anadan olub.
22 mart 1933 – Xalq artisti Rübabə Xəlil qızı Muradova (1933 – 28.8.1983) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.
22 mart 1938 – Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 – 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. “Dalanda”, “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.
22 mart 2018 – Əməkdar rəssam, tanınmış qrafika ustası Adil Əliağa oğlu Rüstəmov (11.3.1943 – 2018) vəfat edib.
22 mart 2023 – Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Vidadi oğlu Əliyev (19.6.1968 – 2023) vəfat edib.
Hazırladı: Vüqar Orxan