Logo

Səməd Vurğun doğma elində yad olunub

22.03.2025 20:25 53 baxış
IMG

Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun (1906-1956) doğum günü münasibətilə ədəbiyyatsevərlər onun doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndindəki Poeziya evinə toplaşıblar.

Öncə şairin abidəsi ziyarət edilib, önünə əklil və tər çiçəklər düzülüb. Daha sonra Poeziya evində davam edən tədbiri açan Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal Səməd Vurğunun yaradıcılığına diqqət çəkərək onun zəngin poeziyasından danışıb. Bildirib ki, 50 il yaşamasına baxmayaraq, Səməd Vurğun gələcək nəsillər üçün zəngin ədəbi irs yadigar qoyub. Bir çox qələm sahibi onun yaradıcılığından ilham alaraq bu gün poeziyaya üz tutur.

Çıxışçılardan filologiya elmləri doktoru, professor Valeh Nəsibov qeyd edib ki, Səməd Vurğun öz torpağını, Azərbaycan xalqını sevə-sevə yaşayıb, yaradıb və bu gün də xalqı onu sevir. Səməd Vurğun heç bir zaman unudulmayacaq.

Vurğulanıb ki, tədbirin gerçəkləşdiyi Poeziya evi şairin 70 illik yubileyi münasibətilə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılıb. Hazırda Poeziya evində 1500-dən çox eksponat qorunur. Burada təkcə şairin özünün deyil, ailə üzvlərinin də şəxsi əşyaları saxlanılır.

Tədbirdə şairin şeirləri səsləndirilib. Ziyalılar Səməd Vurğunun ədəbiyyatımızda xüsusi yerindən bəhs edərək bu gün də onun əsərlərinin sevilərək oxunduğunu, öyrənildiyini bildiriblər. Xatirə tədbirində həmçinin şairin şeirlərinə bəstələnən saz havaları ifa olunub.

Xəbər lenti